Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu azərbaycanlı hüquq müdafiəçisi Anar Məmmədlinin dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırır
May 6, 2024

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu azərbaycanlı hüquq müdafiəçisi Anar Məmmədlinin dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırır


Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun (ŞT VCF) Koordinasiya Komitəsinin həmsədrləri azərbaycanlı hüquq müdafiəçisi Anar Məmmədlinin həbsini kəskin şəkildə pisləyib və onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıblar. 

Tanınmış hüquq müdafiəçisi, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun üzvü Anar Məmmədli aprelin 29-da Bakıda həbs edilib. Sözügedən forumun açıqladığı bəyanatda deyilir ki, Anar Məmmədli küçədə mülki geyimdə olan polis əməkdaşları tərəfindən qaçırılıb və hazırda Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə haqqında həbs qətimkan tədbiri seçilib. Anar Məmmədli bütün ittihamları qanunsuz və siyasi motivli olduğunu bildirib.

Onun həbsi Avropa Parlamentinin “Azərbaycan, xüsusən də vətəndaş cəmiyyətinə qarşı repressiyalar və Dok. Qubad İbadoğlu və İlhamiz Quliyevin işi” adlı qətnaməsinin qəbulundan bir həftə sonra baş verib.

“Onun oğurlanması və həbsi müstəqil vətəndaş cəmiyyətinə və mediaya qarşı davam edən repressiya tendensiyasının bir hissəsidir və bu, son bir ildə güclənən və 300-ə yaxın fəal, jurnalist və müxalifət partiyalarının üzvlərinin qondarma ittihamlarla həbs olunması ilə nəticələnib. Onlar arasında ŞT VCF Azərbaycan Milli Platformasının bir neçə üzvü, o cümlədən Dok. Qubad İbadoğlu, Əziz Orucov, Bəxtiyar Hacıyev, Hafiz Babalı və hazırda Anar Məmmədli də var”, – ŞT VCF Koordinasiya Komitəsinin həmsədrləri Ana Otilia Nutu və İrina Suki bildirib. 

Onlar əlavə ediblər ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edəcək bir ölkə kimi Azərbaycan insan hüquqlarını qorumaq və həm yerli, həm də beynəlxalq vətəndaş cəmiyyətinin üzvlərinin təqib və cinayət-hüquqi tədbirlərdən qorxmadan COP29-da sərbəst iştirakına konkret zəmanət vermək üçün öhdəlik götürüb.  

“Dünya səviyyəsində öz etimadını qorumaq üçün Azərbaycan hökuməti təcili olaraq insan hüquqları sahəsində real islahatlar həyata keçirməlidir. İlk addım bütün siyasi məhbusları azad etmək və onlara qarşı hər hansı təqibi dayandırmaqdır”, – Ana Otilia Nutu və İrina Suki bildirib.

Anar Məmmədli 2001-ci ildən Azərbaycanda seçkilərin müstəqil monitorinqini həyata keçirən, eləcə də 7 fevral 2024-cü il tarixində keçirilmiş növbədənkənar prezident seçkiləri ilə bağlı müstəqil müşahidələr apararaq, geniş miqyaslı nöqsanlar barədə məlumat verən müstəqil Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədridir. 

Anar Məmmədli tanınmış hüquq müdafiəçisi və İlham Əliyev rejiminin açıq tənqidçisi hesab olunur. SMDT 2013-cü ilin oktyabrında keçirilən prezident seçkiləri zamanı çoxsaylı qanun pozuntuları haqqında açıqlama verdikdən sonra o, qanunsuz olaraq həbs olunub və iki il yarım həbsdə qalıb. Anar Məmmədli beynəlxalq səviyyədə siyasi məhbus kimi tanınır və 2014-cü ildə Avropa Şurası Parlament Assambleyası tərəfindən “demokratik təsisatların və vətəndaş və siyasi hüquqların təşviqinə sadiqliyinə” görə qiyabi olaraq Vatslav Havel mükafatına layiq görülüb. 2018-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Anar Məmmədlinin həbsi ilə bağlı Azərbaycanın Avropa İnsan Hüquqları Konvensiyasında təsbit olunmuş bir sıra insan hüquqlarını pozduğu barədə qərar çıxarıb.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,