Brüsseldə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının iclası keçirilib

Brüsseldə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının iclası keçirilib

İyul 21, 2022

İyulun 19-da Brüsseldə Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında Əməkdaşlıq Şurasının 18-ci iclası keçirilib. İclasda Aİ və Azərbaycan arasında əlaqələrin ümumi vəziyyəti nəzərdən keçirilib və gələcək əməkdaşlıq üzrə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Avropaya təbii qaz və neft tədarük etməklə və Aİ-nin enerji resurslarını şaxələndirmək səylərinə töhfə verməklə Azərbaycan Avropa İttifaqının mühüm və strateji enerji tərəfdaşıdır. Bu səbəbdən də Şuranın müzakirələrində enerji məsələləri diqqət mərkəzində olmuşdur.

İyulun 18-də Bakıda Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Strateji Enerji Tərəfdaşlığına dair yeni Anlaşma Memorandumu imzalanıb.

“Aİ Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsində, o cümlədən Aİ və Azərbaycan arasında yeni hərtərəfli sazişin və Vahid Aviasiya Məkanı Sazişinin bağlanmasında maraqlıdır. Bu sazişlər həm Avropa İttifaqında, həm də Azərbaycanda bütün vətəndaşlarımıza fayda verəcək. Aİ danışıqların uğurlu nəticələnməsində maraqlıdır”, – Avropa İttifaqı Şurasının mətbuat üçün açıqlamasında deyilir.

Aİ həmçinin beynəlxalq standartlara və götürülən öhdəliklərə uyğun olaraq fəal vətəndaş cəmiyyəti üçün əlverişli mühitin yaradılmasının, o cümlədən insan hüquqlarına, əsas azadlıqlara və qanunun aliliyinə hörmətin vacibliyini vurğulayıb. 

Aİ Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və firavanlığın bərqərar olunmasında maraqlı olduğunu bir daha təsdiqləyib və Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh sazişinin imzalanması istiqamətində tərəfləri dəstəkləməyə davam etmək niyyətində olduğunu bildirib. Aİ eyni zamanda müsbət və konstruktiv ictimai ritorika vasitəsilə əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyini diqqətə çatdıraraq münaqişənin nəticələrinin, o cümlədən minaların təmizlənməsi və digər həll edilməmiş humanitar məsələlərdə dəstəyini bir daha təklif edib.

Görüşdə həmçinin Şərq Tərəfdaşlığı çərçivəsində, xüsusilə İqtisadi və İnvestisiya Planının həyata keçirilməsi baxımından əməkdaşlıq müzakirə edilib. 

Əməkdaşlıq Şurasına Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının Ali Nümayəndəsi Cozep Borrel sədrlik edib.

Daha çox öyrən

Mətbuat üçün açıqlama




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,