Bələdiyyələr şəhərlərin gələcəyinə dair planlarını bölüşüblər

Bələdiyyələr şəhərlərin gələcəyinə dair planlarını bölüşüblər

Avqust 2, 2022

İyulun 28-də Gürcüstanın Kutaisi şəhərində keçirilən regional “Göstər və danış” (Show&Tell) adlı tədbirdə Şərq Tərəfdaşlığı ölkələrindən 300 yerli özünüidarəetmə orqanını təmsil edən nümayəndələr bir araya gəlib. Onlar regionun üzləşdiyi artan problemlərin aradan qaldırılması yollarını müzakirə edib və dayanıqlı sistemlər və gəlir mənbələrinin yaradılması haqqında fikirlərini bölüşüblər.

Tədbirə Avropa İttifaqı (Aİ) tərəfindən dəstəklənən və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova Respublikası və Ukraynada həyata keçirilən regional təşəbbüs olan İqtisadi İnkişaf naminə Merlərin Katibliyi (M4EG) təşəbbüsündə iştirak edən bələdiyyələrin nümayəndələri qatılıblar. 56 bələdiyyənin nümayəndələri şəxsən, Azərbaycan, Ermənistan, Moldova Respublikası və Ukrayna bələdiyyələri isə onlayn formatda tədbirə qatılıblar.

“Göstər və danış” adlı tədbir iştirakçı bələdiyyələr arasında təcrübə mübadiləsinə şərait yaradıb. 13 bələdiyyənin nümayəndəsi “bələdiyyələrin transformasiya portfelinin” işlənib hazırlanması və “şəhərin memarlıq simalarının” tətbiqi üzrə işlərini təqdim ediblər. Bu, yerli həyatın əsas aspektlərini yenidən düşünməyə və ya yenidən kəşf etməyə yönəlmiş təşəbbüsləri təşviq etmək üçün nəzərdə tutulmuş qrant proqramları tərəfindən dəstəklənən iki innovativ yanaşmadır.

Təcrübələrini təqdim edən şəhərlər arasında Ermənistanın Areni şəhəri də olub. Bu şəhərdə dayanıqlı turizmə dair layihə həyata keçirilir. Gürcüstanın Batumi şəhəri isə şəhər kimliyinin yenilənməsini və sahibkarlıq mədəniyyətini təşviq edən startap ekosistemi konsepsiyasını həyata keçirir. Gürcüstanın digər şəhəri Kutaisi təbiətə əsaslanan şəhər innovasiyalarından istifadə edərək yaşıl və dayanıqlı həyata keçiddə bələdiyyələrə dəstək olmaq üçün ağıllı eko-şəhər modelini araşdırır. Moldovanın Çadır Lunqa şəhəri enerji mənbələrini şaxələndirmək, enerji səmərəliliyini artırmaq və fərdi ev təsərrüfatlarını sərfəli enerji həlləri ilə təmin etmək üçün yeni imkanlar yaratmaqla bələdiyyədə davamlı, əhatəli və dayanıqlı enerji sistemi yaradır.

“Şəhərin memarlıq simaları” proqramında iştirak etmək üçün seçilmiş doqquz bələdiyyə ictimai nəqliyyatın təkmilləşdirilməsi, iqtisadiyyatın və infrastrukturun inkişaf etdirilməsi və tullantıların idarə olunması sahəsində əldə etdikləri nailiyyətləri bölüşüb. Ukrayna Şəhərləri Assosiasiyasının nümayəndələri böhran dövründə şəhərləri idarə etmək təcrübələrindən danışıblar.

“İnkişaf, iqtisadi və iqlimlə bağlı çətinliklərlə yanaşı, regiondakı bəzi şəhərlər Ukrayna müharibəsindən sonra baş verən humanitar və qaçqın böhranının yaratdığı əlavə yükü üzərlərində daşıyırlar. İnnovativ və dayanıqlı texnoloji həllər şəhərlərə əməliyyat sistemlərini qoruyub saxlayarkən gözlənilən problemləri həll etməyə kömək edə bilər”, – deyə Avropa İttifaqının Gürcüstandakı Nümayəndəliyinin İdarəetmə və İnsan Kapitalı üzrə Komanda Rəhbəri Kolomb de Mersi bildirib.

M4EG proqramı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və 2017-ci ildən etibarən icra olunmağa başlayan İqtisadi İnkişaf naminə Merlərin Katibliyi proqramına əsaslanır. 2021-ci ildən başlayaraq M4EG proqramı Aİ, yerli dövlət orqanları və bir sıra tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində BMTİP tərəfindən həyata keçirilir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,