Avropa Parlamenti Azərbaycanı İlhamiz Quliyev və digər siyasi məhbusları dərhal və qeyd-şərtsiz azad etməyə çağırır
Aprel 29, 2024

Avropa Parlamenti Azərbaycanı İlhamiz Quliyev və digər siyasi məhbusları dərhal və qeyd-şərtsiz azad etməyə çağırır


Aprelin 25-də Avropa Parlamenti böyük səs çoxluğu ilə Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı repressiyalar və Dok. Qubad İbadoğlu və İlhamiz Quliyevin işi ilə bağlı qətnamə qəbul edib.

Avropa Parlamentinin üzvləri Azərbaycanı 2023-cü ilin dekabrında həbs olunan insan hüquqları müdafiəçisi İlhamiz Quliyevi və digər siyasi məhbusları dərhal və qeyd-şərtsiz azad etməyə çağırıblar. 

Deputatlar Azərbaycan hökumətini siyasi iqtisadçı və müxalifət nümayəndəsi olan Qubad İbadoğluna qarşı bütün ittihamları və səyahət qadağasını götürməyə və aprelin 22-də ev dustaqlığına buraxılan Qubad İbadoğlunun müstəqil tibbi xidmətlə təmin olunmasına səsləyiblər.

474 deputat qətnamənin lehinə, 4-ü əleyhinə səs verib, 51 deputat isə bitərəf qalıb.

Parlamentin üzvləri bildiriblər ki, Azərbaycanda hazırda davam edən insan hüquqlarının pozulması halları COP 29-a (BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası) (COP29) ev sahibliyi edəcək bir ölkə üçün yolverilməzdir. Onlar həmçinin Avropa Komissiyasının Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığın dayandırılması məsələsinə baxmasını istəyiblər. Avropa Parlamentinin deputatları israrla bildiriblər ki, hər hansı gələcək tərəfdaşlıq sazişi bütün siyasi məhbusların azadlığa buraxılması və ölkədə insan hüquqları ilə bağlı vəziyyətin yaxşılaşdırılması şərti ilə ola bilər. Onlar insan hüquqlarının ciddi şəkildə pozulmasına yol vermiş Azərbaycan rəsmilərinə qarşı Aİ sanksiyalarının tətbiq edilməsi ilə bağlı yenidən çağırış ediblər.

Avropa Parlamentində Aİ-nin Ali nümayəndəsi Cozef Borrelin adından çıxışında Aİ-nin ətraf mühit, okeanlar və balıqçılıq üzrə komissarı Virginijus Sinkevicius deyib ki, “Avropa İttifaqının Azərbaycanla münasibətlərinin əsasını qanunun aliliyi və insan haqları təşkil edir və bu, dialoqumuzun mühüm hissəsi olaraq qalacaq”.

“Biz dəfələrlə Azərbaycanda vətəndaş cəmiyyəti və müstəqil mediaya qarşı təzyiqlərin artması ilə bağlı narahatlığımızı ifadə etmişik, bunu fərqli səsləri boğmaq, susdurmaq və ifadə azadlığını əlindən almaq cəhdi kimi görürük”, – Sinkevicius Borrelin adından bildirib.

O, əlavə edib ki, 2023-cü ilin noyabr ayından etibarən sözügedən ölkədə bir sıra kütləvi informasiya vasitəsi və qeyri-hökumət təşkilatları ilə əlaqəli müstəqil jurnalistlərin və siyasi fəalların bir neçə həbs dalğası müşahidə olunub. İlhamiz Quliyev daxil olmaqla azı 16 nəfər saxlanılıb.

O, həmçinin Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarının ağır şərtlər altında fəaliyyət göstədiyini qeyd edib. 

“Hazırda 12 milyon avrodan artıq maliyyə dəstəyilə bu təşkilatların dəstəklənməsi Avropa İttifaqı üçün əsas prioritetdir və belə qalacaq. Biz həmçinin hökuməti vətəndaş cəmiyyəti təşkilatlarının ölkədə sərbəst fəaliyyət göstərməsinə icazə verməyə çağırmağa davam edirik”, – Sinkevicius bildirib.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Borrelin nitqi



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,