Avropa İttifaqı Azərbaycanın kənd yerlərində, xüsusilə qadınların iştirakı ilə yaşayış üçün gəlir mənbələrinin və müəssisələrin yaradılmasına fəal şəkildə dəstək verir. İnsanların öz biznesini yaratması üçün Aİ ölkənin müxtəlif bölgələrində yeni texnologiyalar, praktiki bacarıqlar və hətta maliyyə dəstəyi ilə təmin edən çoxlu sayda layihələrə dəstək verir.
Aşağıda onlardan bəzi nümunələr verilmişdir:
Azərbaycanın kənd yerlərində dayanıqlı mikrosahibkarlığın inkişafı layihəsi: Gəncə, Şəmkir, Quba, Bərdə, yaxud Zaqatala rayonlarında yaşayırsınızsa, bu layihənin köməyilə kənd təsərrüfatı sahəsində kiçik biznesə başlaya və ya mövcud biznesinizi inkişaf etdirə bilərsiniz. Layihə azı 500 nəfərə şəxsi və ailə büdcəsinin təşkili üçün maliyyə sahəsinə dair zəruri təlim və daha 150 nəfərə biznesin idarə edilməsi üzrə bacarıqlar, o cümlədən yeni müəssisələrə mentorluq dəstəyi təmin etmişdir. Sözügedən layihə Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən icra edilir. Bu qurum həmçinin Naxçıvanda Dayanıqlı inkişaf üçün qadınların səlahiyyətləndirilməsi adlı Aİ tərəfindən maliyyələşdirilən daha bir layihənin icrasını sona çatdırır. Bu assosiasiya həmçinin İsmayıllı rayonunda Aİ tərəfindən maliyyələşdirilən və COVID-19 pandemiyası dövründə qadınlara dəstək verməyə yönəlmiş iki layihəni həyata keçirir. Bunlar “İsmayıllı rayonunda COVID-19 dövründə qadın sahibkarlığının dəstəklənməsi” və “Naxçıvan Muxtar Respublikasında COVID 19-un təsirinə məruz qalmış kənd qadınlarına dəstək məqsədilə iqtisadi tədbirlər” layihələridir.
Balakəndə fəaliyyət göstərən ABAD Regional Mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə müəssisələrinin inkişafına dəstək layihəsi BMTİP-nin Azərbaycan nümayəndəliyi tərəfindən icra edilir. Bu layihə biznesin yaradılması, qablaşdırma və logistika, brendləmə və satış üzrə təlimlər vasitəsilə əl işləri və qida istehsalı sahələrində müəssisələr yaratmaqda ailələrə dəstək verir, o cümlədən kiçik ölçülü avadanlıqların və istehsal vasitələrinin təmin olunmasında həmin ailələrə yardım edir.
“İcma əsaslı aqroturizmin kənd yerlərinin inkişaf strategiyası olaraq təşviqi” (şimalda Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz, cənubda Salyan, Cəlilabad və Lənkaran) layihəsinin əhatə etdiyi səkkiz rayondan hər hansı birində yaşayırsınızsa, aqroturizmin inkişafı sahəsində dəstək əldə edə bilərsiniz. Buraya təlimlərlə yanaşı, biznes sahəsində məsləhət, məhsulun yaradılması və maliyyə yardımı daxildir.
Qadınlar həmçinin Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) tərəfindən həyata keçirilən və Aİ tərəfindən maliyyələşdirilən “Mətbəxdən Biznesə” adlı Qida məhsullarının təşviqi və qadınların səlahiyyətləndirilməsi hərəkatı vasitəsilə biznes ideyalarına dəstək əldə edə bilərlər.
EU4Business-in Azərbaycan üzrə internet səhifəsində bütün mövcud biznes məsləhəti və dəstəyi haqqında məlumatlar tapa bilərsiniz.
Kənd yerlərinin inkişafı üzrə layihələrin çoxu təlim və məsləhət xidməti təmin etməklə yanaşı, biznesə başlamaq üçün lazımi avadanlıqlarla təmin edir. Layihələr AMFA tərəfindən həyata keçirilir və biznesə başlamaq üçün lazımi avadanlıq və xammalın alınması məqsədilə startapları başlanğıc sərmayə ilə təmin edir. Öz növbəsində bu aqroturizm layihəsi banklar və mikrokredit təşkilatlarına ərizələrin hazırlanmasında 24 layihə və 80 müəssisə sahibinə maliyyə dəstəyi göstərir. Xatırladırıq ki, bu layihələrin heç biri ayrıca qrant formasında yardım göstərmir. Onlar ancaq biznesin inkişafına dair təlimləri tamamlayan maddi yardım ilə təmin edir.
Aİ-nin dəstəyini həmçinin Cənub Şərqi Avropa üzrə Avropa Fondundan (CŞAF) da əldə etmək olar. AccessBank kimi yerli tərəfdaş ilə çalışan fond kənd təsərrüfatı, sənaye, ticarət və xidmət sahəsində çalışan ən kiçik müəssisələri (10 nəfərdən az işçisi olan) maliyyə (kreditin ölçüsü orta hesabla 4000 avro təşkil edir) ilə təmin edir.
2019-cu ilin dekabrında Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda fəaliyyət göstərən yerli müəssisələrə dəstək məqsədilə Bank Respublika-ya 6 milyon dollar dəyərində kredit xətti açmışdır. Təxminən 4 milyon ABŞ dollarına bərabər yerli valyuta ilə kreditlər ölkənin müxtəlif hissələrində fəaliyyət göstərən mikro, kiçik və orta ölçülü müəssisələrə veriləcək. Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti Layihəsi (AZAFF) çərçivəsində isə kənd təsərrüfatı sahəsində çalışan müəssisələrə yerli valyuta ilə təxminən 2 milyon dollar dəyərində kreditlər veriləcək.
Biznesiniz varsa və onu inkişaf etdirmək istəyirsinizsə, Azərbaycanda özəl sektorun inkişafına dəstək verən EU4Business təşəbbüsü çərçivəsində icra olunan çoxlu sayda proqramlar vasitəsilə maliyyə (və təlim) xidmətindən yararlana bilərsiniz.
Xüsusilə AYİB-in İş qadınları proqramı qadınlar tərəfindən idarə olunan müəssisələrə təlim və subsidiya alan müəssisələr üçün məsləhət xidməti təklif edir. Proqram həmçinin biznesi qiymətləndirmək və lazımi dəstək haqqında məlumat almaq üçün Business Lens kimi fərdi onlayn alətlər təklif edir.
Subsidiya alan müəssisələr üçün məsləhət xidmətini həmçinin strategiya, marketinq, əməliyyatlar, keyfiyyətin idarə edilməsi, enerjinin səmərəliliyi, maliyyənin idarə edilməsi və digər sahələr üzrə Kiçik müəssisələr üçün məsləhət xidməti proqramı çərçivəsində əldə etmək mümkündür. Ərizə ilə müraciət haqqında öyrənmək üçün AYİB-in internet səhifəsinə daxil olun.
Kənd təsərrüfatı məhsullarının emalı (emal edilmiş meyvə və tərəvəz, qurudulmuş meyvələr, şərab və fındıq) və ya yüngül sənaye (xalçalar, ipək şərflər, əl işləri) sahəsində müəssisəniz varsa, Ticarətə hazıram layihəsi çərçivəsində məsləhət və bazara çıxış ilə bağlı dəstək əldə edə bilərsiniz.
2019-cu ildə 90 Azərbaycanlı qadın sahibkar Aİ-nin KOM-lara dəstək proqramları çərçivəsində ümumi dəyəri 575000 avro olan kredit alıb. Eyni zamanda 3000-ə yaxın qadın sahibkar məsləhət xidmətindən yararlanıb. Dəstəklənən şirkətlər arasında dövriyyə 18.8 milyon avroya qədər yüksəlib və dəstək nəticəsində 1268 yeni iş yeri açılıb. Onlardan bir neçə nümunə:
Zəminə Ağalarova Kiçik ailə bizneslərinin inkişafına dəstək layihəsi çərçivəsində təlim kurslarında iştirak etmişdir. O, biznes planın tərtib olunması, brendin yaradılması, o cümlədən internet vasitəsilə satış və qablaşdırma qaydalarını öyrənmişdir. Bununla da o, özünün xalça toxuma biznesinə başlamışdır.
Qadın aksesuarları və evə qulluq vasitələrinin satışı ilə məşğul olan ESSE LLC şirkətinin rəhbəri Gülnarə Həsənova Kiçik müəssisələrə məsləhət proqramı çərçivəsində Aİ tərəfindən maliyyələşən satış üzrə təlimdə iştirak edərək müştərilərin sayını 25%, dövriyyəni isə 18% artırmağı bacarmışdır.
Afət Əhmədova Ticarətə hazıram layihəsinin dəstəyi ilə sıfırdan nəfis yeməklər biznesi qurmağı bacarıb. Sözügedən layihə ona xarici sərgilərdə iştirak, şirkətin yeni internet səhifəsinin yaradılması üçün proqramçının tapılmasında və biznes planların tərtib edilməsi üçün maliyyə təhlilçilərinin və marketinq mütəxəssislərinin təmin olunmasında yardım edib.
Aytəkin Sadıqova Sabirabad, Neftçala və Biləsuvar rayonlarında qadın resurs mərkəzləri yaradan və Aİ tərəfindən maliyyələşdirilən Gender bərabərliyi və qadın hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun artırılması layihəsi çərçivəsində biznesə başlamağa dair maliyyə və təlim xidmətindən yararlanmışdır. Hazırda onun 22 arı təknəsi var və onlardan 10 ədədini layihənin dəstəyi nəticəsində ala bilmişdir.
Müxtəlif sahələrdə Aİ-nin dəstəyindən yararlanan beş Azərbaycanlı qadın haqqında daha çox uğur hekayəsi oxumaq üçün buraya klikləyin.
Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək layihəsi vasitəsilə bacarıqlara dair birbaşa dəstəkdən yararlana bilərsiniz. Adı çəkilən layihə Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyi tərəfindən Bakı, Qəbələ, Qax, Gəncə, Xaçmaz, Masallı, Mingəçevir və Zaqatala rayonlarında həyata keçirilir. Layihədə 3000 pilot peşə və orta məktəb tələbəsinin sahibkarlıq və maliyyə savadlılığı üzrə təlimlərə cəlb olunması nəzərdə tutulub.
Adı çəkilən səkkiz hədəf rayonlardan hər hansı birində fəaliyyət göstərirsinizsə, bu aqroturizm layihəsi kənd yerlərində yaşayan gənc və iş axtaran şəxslərə PTT (Peşə təhsili və təlimi), əmək yarmarkaları və aqroturizm sahəsi üzrə təqaüd proqramları vasitəsilə dəstək verir.
30 yaşından kiçik gənc qadınlara isə Aİ özünün Erasmus + gənclər üçün proqramları çərçivəsində olduqca maraqlı imkanlardan yararlanmağı təklif edir. Avropa Həmrəylik Kospusunun gənclər üçün layihələrində və ya xaricdə könüllülük fəaliyyətlərində iştirak etməklə siz yeni bacarıqlara yiyələnən və dəyərli təcrübəyə sahib olan 3000 Azərbaycanlı gəncə qoşula bilərsiniz.
Erasmus + universitet tələbələri üçün Avropada tələbə mübadilə proqramları və aspirantura tələbələri üçün nəzərdə tutulmuş proqramlarda iştirak etməyi təklif edir. Bu proqramlar və müraciət qaydası haqqında daha ətraflı məlumatı buradan öyrənin.
EU4Business təşəbbüsü çərçivəsində dəstəklənən layihələr və maliyyə imkanları haqqında məlumatı və əlaqə vasitələrini öyrənmək üçün EU4Business təşəbbüsünün Azərbaycan üzrə portalına daxil olun. Həmin səhifədə kredit və qrant almaq imkanları və biznesin inkişafı xidmətləri barədə ətraflı məlumat yerləşdirilib. Buraya COVID-19 informasiya dəstək mərkəzi də daxildir ki, bu da Azərbaycandakı kiçik müəssisələrin böhrana qarşı durmasına kömək etmək üçün Aİ-nin dəstək tədbirlərini əks etdirir.
Aİ-nin maliyyə dəstəyi ilə həyata keçirilən müxtəlif layihələr üzrə fəaliyyətlər və iştirak imkanları ilə bağlı ətraflı məlumatlarla tanış olmaq üçün Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin Facebook səhifəsini izləyin, yaxud yeni eu4azerbaijan.eu internet səhifəsinə və həmin səhifədəki iştirak imkanları bölməsinə baş çəkin. BMTİP-in Azərbaycan nümayəndəliyinin internet səhifəsində müntəzəm olaraq Aİ tərəfindən maliyyələşdirilən layihələr çərçivəsində qadınlar üçün iştirak imkanları və uğur hekayələri işıqlandırılır.
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,