Bu fürsəti əldən verməyin: Azərbaycanlı gənclər üçün 17 ödənişsiz təhsil imkanı

İyun 3, 2024

  • Tələbələr üçün
  • Vətəndaş cəmiyyəti fəalları, gənc liderlər və könüllülər üçün
  • Məktəb şagirdləri üçün
  • Təcrübə proqramları və təlim
  • Gənc peşəkarlar üçün
  • İlham mənbəyi axtarışındasınız?
Kart %1/%2

Tələbələr üçün

Erasmus+

Erasmus+ proqramı vasitəsilə Avropa universitetlərində bakalavr, magistr və doktorantura səviyyələrində tələbə mübadiləsi daxil olmaqla, gənclər üçün bir sıra təhsil imkanı təklif edir. Mübadilə, qoşulduğunuz proqramın bir hissəsi olaraq bir semestredən bir ilədək davam edə bilər. Bütün xərcləriniz proqram tərəfindən qarşılanacaq! Bundan əlavə, Avropanın ən yaxşı universitetlərində magistr təhsili almaq üçün Erasmus+ təqaüdünə müraciət edə bilərsiniz.

Mübadilə proqramları haqqında daha ətraflı məlumat, həmçinin müraciət prosesində köməklik üçün universitetinizin beynəlxalq əlaqələr şöbəsinə baş çəkin. Magistr dərəcəsində təhsil almaq üçün qarşıdan gələn tədris ilində Erasmus təqaüdü təklif edən kursların siyahısı ilə Erasmus Mundus Birgə magistr dərəcələri kataloqunda tanış ola bilərsiniz (hazırda 206 kurs mövcuddur). Daha sonra kurs və təqaüdlərə müraciət etmək üçün universitetlə əlaqə saxlayın.

Erasmus+ proqramının Azərbaycan ofisi istənilən məlumat ilə bağlı sizə yardım etməyə hazırdır. Daha ətraflı məlumat üçün Azərbaycan ofisinin internet səhifəsinə nəzər salın, [email protected] ünvanı vasitəsilə onlara e-məktub göndərin

və ya +994 12 465 99 12 telefon nömrəsi ilə əlaqə saxlayın. Siz həmçinin Azərbaycan ofisinin Facebook səhifəsini ziyarət edə bilərsiniz.

Avropa Kollecinin təqaüdləri

Avropa Kolleci Azərbaycandan olan universitet məzunlarına aspirantura səviyyəsi üzrə çoxlu sayda təqaüd təklif edir. Təqaüdlər həmçinin Şərq Tərəfdaşlığı ölkələrindən olan tələbələr üçün əlçatandır və EU4Youth proqramı tərəfindən maliyyələşdirilir. 2025-2026-ci tədris ili üzrə ərizələr 2024-cü ilin oktyabr ayında qəbul olunmağa başlanacaq. Müraciət prosesi haqqında tam təfərrüatları coleuropenatolin.eu səhifəsində tapa bilərsiniz.

Gənc Avropa səfirləri

Gənc Avropa səfirləri (YEAs) təşəbbüsü Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Aİ-yə üzv ölkələrdən və Böyük Britaniyadan olan gəncləri bir-biri ilə əlaqələndirən qeyri-siyasi, könüllü və dinamik bir kommunikasiya şəbəkəsidir. Şəbəkənin məqsədi, Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığı haqqında məlumatlılığı artırmaq, bu əməkdaşlığın gözəçarpan nəticələrini nümayiş etdirmək və müxtəlif mövzularda siyasi dialoqa töhfə verməkdir. Azərbaycandan 242 olmaqla (onlarla tanış olmaq üçün buraya klikləyin), hal-hazırda 30 fərqli milləti təmsil edən 1 140 aktiv Gənc Avropa səfiri fəaliyyət göstərir. Şəbəkə, ictimai diplomatiya və təbliğat fəaliyyətlərində maraqlı olan 16-26 yaş arası gənclərin üzünə açıqdır. Ərizələr ildə bir dəfə, adətən payız aylarında qəbul olunur.

EuroSchool

2016-cı ildən etibarən hər il avqust ayında (COVID pandemiyasının olduğu iki il istisna olmaqla) interaktiv təlim mühitində Aİ, onun tarixi, əsas dəyərləri, siyasəti və Aİ ilə Azərbaycan arasındakı əlaqələr haqqında daha çox öyrənmək üçün 18-25 yaş arası tələbə və məzunlar Azərbaycanın rayonlarından birində üç günlük EuroSchool-da iştirak imkanı əldə edirlər. Növbəti təlimdə iştirak etmək üçün Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin və EU NEIGHBOURS east layihəsinin internet səhifələrinə baş çəkin.

Vətəndaş cəmiyyəti fəalları, gənc liderlər və könüllülər üçün

Erasmus+ Gənclər üçün mübadilələr

Erasmus+ proqramı yalnız tələbələr üçün nəzərdə tutulmayıb. Son illər Azərbaycandan minlərlə gənc və gənclər təşkilatı işçisi müştərək Erasmus+ və gənclər layihələrində (mübadilə, təlim, siyasi müzakirələr, könüllülük) iştirak etmişdir. Erasmus+ proqramının 5 və 21 gün davam edən gənclər üçün mübadilələrində 13 və 30 yaş arası istənilən şəxs iştirak edə bilər. Bu mübadilələr gənclər təşkilatları vasitəsilə baş verir və iştirak etmək üçün fərdi şəxs qismində müraciət qeyri-mümkündür. Daha ətraflı öyrənmək üçün Facebook səhifəsinə baş çəkin, +994 50 321 72 90 nömrəsi və ya [email protected] elektron ünvanına yazaraq Erasmus+ gənclər proqramının Azərbaycandakı məlumat mərkəzi ilə əlaqə saxlayın.

Avropa Həmrəylik Korpusu

Xaricdə təcrübə qazanmaq üçün daha bir möhtəşəm fürsət Avropa Həmrəylik Korpusu vasitəsilə könüllülük fəaliyyətlərində iştirak etməkdir. Bu, fərqli mədəniyyətlərlə tanış olmaq və yeni dostlar qazanmaq, eyni zamanda başqalarına kömək etmək və yeni bacarıqlara yiyələnmək üçün əvəzolunmaz bir fürsətdir. 2 həftədən 12 aya qədər davam edən fəaliyyətlərdə 17 və 30 yaş arası şəxslər iştirak edə bilər. Könüllülər üçün nəzərdə tutulmuş layihələr Aİ-nin və ya onun tərəfdaş ölkələrinin hər hansı birində, eləcə də mədəniyyət, gənclər, idman, uşaqlar, mədəni irs, incəsənət, heyvanların və ya ətraf mühitin qorunması kimi müxtəlif sahələrdə həyata keçirilə bilər. Avropa Həmrəylik Korpusunun portalında müraciət forması və könüllülər üçün çoxlu sayda fəaliyyət ilə tanış ola bilərsiniz.

Vətəndaş Cəmiyyəti Təqaüd Proqramı

Aİ özünün ŞT Vətəndaş Cəmiyyəti Təqaüd Proqramı vasitəsilə, Azərbaycanda və Şərq Tərəfdaşlığı ölkələrində gənc vətəndaş cəmiyyəti liderlərini və fəallarını dəstəkləyir. Proqram xüsusi təlimlər, 5 000 avro məbləğində qrantlar və şəbəkə imkanlarına çıxış kimi vasitələrlə hər il 20 vətəndaş cəmiyyəti fəalının yaşadığı icmada müsbət sosial dəyişikliyə nail olmaq səylərinə kömək edir. Proqramın icra olunmağa başladığı 2017-ci ildən etibarən təqaüd alan şəxslər və onların maraq dairəsi haqqında ətraflı buradan öyrənə bilərsiniz. Proqram üçün ərizə qəbulu adətən hər ilin payız aylarında baş tutur. Hazırda açıq olan qəbul prosesinə oktyabrın 15-nə qədər ərizə ilə müraciət edə bilərsiniz. Yeniliklərə burada baxın.

ŞT Vətəndaş Cəmiyyəti Proqramı – e-təhsil 

Aİ-nin Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Proqramı vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrinə onların ehtiyaclarına və gündəlik işlərində qarşılaşdıqları vəziyyətlərə uyğunlaşdırılmış onlayn kurslar və materiallar təklif edir. Layihənin e-Learning Hub platformasında siyasətin təhlili və monitorinqi, layihənin idarə edilməsi, rəqəmsal səriştələr və vətəndaş cəmiyyəti təşkilatları üçün vebdizayn kimi müxtəlif sahələrdə alətlər və bacarıqlar təqdim edəcək bir sıra onlayn kurslar, vebinarlar və video mühazirələr tapa bilərsiniz. Layihə həmçinin səmərəliliyi artırmaq üçün onlayn elementləri üz-üzə təlimlə birləşdirən bir sıra qarışıq kurslar təklif edir. Daha çox öyrənin.

EU4Youth Məzunlar şəbəkəsi

The EU4Youth Məzunlar Şəbəkəsi Erasmus+ Gənclər və Avropa Həmrəylik Korpusunun, EU4Youth qrant layihələrinin, Gənc Avropa Səfirləri Şəbəkəsinin, eləcə də Şərq Tərəfdaşlığı çərçivəsində gənclər üçün digər regional proqramların gənc benefisiarlarını (18-30 yaş) birləşdirir. Şəbəkə məzunlara Azərbaycandakı məhdud imkanlı gənclərlə əlaqə yaratmaq və onlara öz icmalarında daha fəal olmağa və Aİ-nin yerdəyişmə proqramlarında fəal iştirak etməyə kömək etmək imkanı verir. Müraciətlər ildə bir dəfə, adətən payızda qəbul edilir və 10 ay müddətində proqramda iştirak etmək üçün hər ölkədən 15-ə qədər məzun seçilir.

Məktəb şagirdləri üçün

Erasmus+ gənclər üçün mübadilələr

Erasmus+ yalnız tələbələr üçün nəzərdə tutulmayıb. Proqramın təklif etdiyi gənclər üçün mübadilələrdə 13-30 yaş arası istənilən şəxs iştirak edə bilər. Onlar arasında seminarlar, məşqlər, debatlar, rol oyunları, açıq havada fəaliyyətlər və digər fəaliyyətlər ola bilər. Bu mübadilələr gənclər təşkilatları vasitəsilə baş verir və iştirak etmək üçün fərdi şəxs qismində müraciət edə bilməzsiniz. Daha ətraflı öyrənmək üçün Facebook səhifəsinə baş çəkin, +994 50 321 72 90 nömrəsi və ya [email protected] elektron ünvanına yazaraq Erasmus+ gənclər proqramının Azərbaycandakı məlumat mərkəzi ilə əlaqə saxlayın.

Şərq Tərəfdaşlığı Avropa Məktəbi

Tbilisidə fəaliyyət göstərən Şərq Tərəfdaşlığı Avropa Məktəbi Azərbaycan daxil olmaqla altı Şərq Tərəfdaşlığı ölkəsindən olan yuxarı sinif şagirdləri üçün iki illik Beynəlxalq Bakalavriat proqramı təklif edir. Proqrama Avropa İttifaqı tərəfindən tam təqaüd, o cümlədən təhsil haqqı, yerləşmə və tətil üçün evə gediş-gəliş xərcləri daxildir. Lakin yerlərin sayı məhduddur. Məktəbə ildə cəmi 35 şagird qəbul olunur. Bu səbəbdən müraciət edən şagirdlər müəyyən şərtləri yerinə yetirməli və müsabiqə prosesindən keçməlidirlər. Proqramın icra olunmağa başladığı 2018-ci ildən etibarən 145 şagird məktəbdə oxumaq üçün təqaüd alıb. Onlar Beynəlxalq Bakalavriat (IB) diplomu ilə məzun olub və dünyanın ən yaxşı universitetlərində təhsil almağa davam edirlər.

Gənc Avropa səfirləri

Gənc Avropa səfirləri (YEAs) təşəbbüsü 16 yaşdan böyük gənclər üçün nəzərdə tutulub. Təşəbbüsə Avropa və onun dəyərləri ilə maraqlanan, yeni bacarıqlara yiyələnmək və yeni dostlar qazanmaq istəyən gənclər qoşula bilər. Bu şəbəkə Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna, Aİ-yə üzv dövlətlər və Böyük Britaniyadan 500-dən çox gənci bir araya gətirir. 16-17 yaş arası seçilmiş namizədlər beynəlxalq səyahətlərə deyil, yalnız öz ölkələrində onlayn və yerli tədbirlər üçün uyğun olacaqlar. Ərizələr ildə bir dəfə, adətən payız aylarında qəbul olunur.

Təcrübə proqramları və təlim

Erasmus+ təcrübə proqramları

Erasmus+ bakalavr, magistr və doktorantura tələbələri, o cümlədən yaxın illərdə məzun olanlar üçün (universiteti bitirdikdən sonra bir il ərzində) xaricdə işə yerləşdirilmə və təcrübə keçmə ilə bağlı dəstəkləyir. Ancaq təcrübə kursu dərəcənizə uyğun olmalı və mümkün olduğu təqdirdə təhsil proqramınıza inteqrasiya olunmalıdır. Buna görə də universitetinizlə birgə sözügedən imkanları nəzərdən keçirin. İşə yerləşdirilmə iki aydan on iki aya qədər davam edə bilər və bu müddətdə xərclərinizi ödəmək üçün Erasmus+ qrantları mövcuddur.

Xaricdə işə yerləşdirilmə və ya təhsil müddəti həmçinin hazırda peşə təhsili və təlimi (PTT) proqramı üzrə təhsil aldığınız təqdirdə də mümkündür. Adı çəkilən imkanlardan yararlanma şanslarınızı öyrənmək üçün təhsil aldığınız peşə təhsili müəssisəsi ilə əlaqə saxlayın.

Blue Book təcrübə proqramları

Aİ ildə iki dəfə Avropa Komissiyası, onun xidmətləri və agentlikləri ilə əsasən Brüsseldə, həmçinin Lüksemburqda və Avropa İttifaqının digər ölkələrində beş aylıq ödənişli təcrübə təklif edir. Proqramlarda əsasən Aİ ölkələrinin vətəndaşları iştirak edəcək, ancaq Aİ-yə üzv olmayan ölkələrin vətəndaşları üçün də məhdud sayda yer ayrılıb. Aİ təsisatlarında, orqan, qurum və ya nümayəndə heyətində altı həftədən çox iş təcrübəsi olmayan və ingilis, alman və ya fransız dillərini yaxşı bilən hər hansı bir ixtisas üzrə universitet məzunları müraciət edə bilər. Daha çox öyrənin.

Avropa Parlamentində Şuman təcrübə proqramı

İldə iki dəfə Avropa Parlamenti Avropa İttifaqından kənarda yaşayan ərizəçilər daxil olmaqla öz Katibliyi daxilində müxtəlif təcrübə imkanları təklif edir. Təcrübə beş ay müddətində davam edir və 18 yaşdan yuxarı, universitet diplomu olan hər kəs iştirak edə bilər. Şuman təcrübə proqramının məqsədi iştirakçıların Avropadakı təhsili və peşə hazırlığına töhfə vermək və Avropa Parlamentinin fəaliyyəti haqqında məlumat verməkdir. Hər ilin may və oktyabr aylarında ərizə qəbulu aparılır. Daha ətraflı öyrənmək üçün buraya klikləyin.

Peşə təlimi

Aİ əmək bazarının mövcud ehtiyaclarına uyğun tədrisin təşkili məqsədilə peşə təhsili müəssisələrinin müasirləşdirilməsi yolu ilə Peşə təhsili və təlimi (PTT) sisteminin keyfiyyətinin yaxşılaşdırılmasında Azərbaycana dəstək verir. Xüsusilə Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən icra olunan “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi məktəbi yenicə bitirmiş gənclər üçün peşə hazırlığı təklif edir. Layihə çərçivəsində Bakı və Gəncədə dörd karyera mərkəzi yaradılıb və daha üç karyera mərkəzinin açılması planlaşdırılır. Eyni zamanda, aşpaz, şirniyyatçı, dərzi, çiçəkçi, vitraj süvenir istehsalı, bərbər və sosial media marketinqi və proqramlaşdırma peşələri üzrə pulsuz qısamüddətli inklüziv kurslar hazırlanıb.

2022-2023-cü illərdə Azərbaycanda 66 peşə məktəbində 127 ixtisas üzrə 23 340 yer olub. Daha ətraflı məlumat almaq və ərizə ilə müraciət etmək üçün dövlətin PTT portalına https://vet.edu.gov.az daxil olun və sosial mediada Azərbaycanda peşə təhsili imkanları haqqında məlumat kampaniyasının #SənDəPeşəyəGəl həştəqi üzrə axtarış edin.

Gənc peşəkarlar üçün

EU4Business

Kiçik biznesə başlayırsınızsa və ya kiçik biznes sahibisinizsə, EU4Business təşəbbüsü biznesinizin növündən və ölçüsündən asılı olaraq kredit və qrantlar, o cümlədən biznesinizi inkişaf etdirmək üçün məsləhət və konsultasiya xidmətləri təklif edir. Müraciət edə biləcəyiniz partnyor bank və layihələr haqqında ətraflı öyrənmək, eləcə də təşəbbüsdən yararlananların uğur hekayələri ilə tanış olmaq üçün EU4Business təşəbbüsünün səhifəsinə baş çəkin.

EU4Youth

EU4Youth proqramı tezliklə xüsusən məhdud imkanlı icmalarda yaşayan gənclər arasında rəqəmsal bacarıqların inkişafına, həmçinin yaşıl və rəqəmsal iqtisadiyyatda gənclərin sahibkarlıq fəaliyyətinin təşviqi ilə bağlı sosial sahibkarlıq və karyera idarəçiliyi bacarıqlarının inkişafına yönəlmiş bir sıra layihələrin icrasına başlayacaq. Gələcəkdə icra olunacaq layihələrlə tanış olmaq üçün EU4Youth səhifəsini izləyin.

İlham mənbəyi axtarışındasınız?

Yüzlərlə Azərbaycanlı gənc sizi həvəsləndirəcək və yeni ideyalarınızın yaranmasına kömək edəcək!

Günel Avropa Həmrəylik Korpusunun layihəsində iştirak edərək Finlandiyanın Aland adaları Sülh İnstitutunda könüllü fəaliyyət göstərib. O, “belə bir fürsətdən imtinanın cinayət olduğunu” deyir.

Alina Şərq Tərəfdaşlığı Avropa Məktəbində oxumaq üçün təqaüd qazanıb və hazırda Niderland Krallığının Mastrixt Universitetində süni intellekt və data elmi sahəsində təhsil alır.

Ülviyyə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Proqramının məzunudur və Bərdə rayonunda qadınlara dəstək məqsədilə icra olunmağa başlayan layihə üçün maliyyə yardımı almışdır.

İranə Erasmus+ mübadilə proqramı çərçivəsində Portuqaliyada kimya mühəndisliyi ixtisası üzrə təhsil alıb və hazırda Bakıda fəaliyyət göstərən beynəlxalq neftkimya şirkətində çalışır. “Bu əsl həyat təcrübəsi idi”, – deyə İranə təcrübə proqramı haqqında fikrini bildirir.

Yerləşdir
The recommended iFrame size is 100% width and 750px height

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,