Yeni nəfəs: Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası üçün bərabər imkanlar yaradılır

Yeni nəfəs: Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası üçün bərabər imkanlar yaradılır

Dekabr 10, 2021

Şahin Quliyev 2015-ci ildən Azərbaycanın Ağcabədi rayonunda fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”-nə cəlb edilib. O zaman onun 13 yaşı var idi. Daun sindromu olan Şahinin həmin vaxt qavrama, sosial, özünəxidmət və motorik bacarıqları 2-3 yaş aralığında olub.

Mərkəzə gəldiyi 6 il ərzində Şahinin sosial bacarıqları öz yaşına uyğun səviyyədə inkişaf etdirilib. Anası Firəngiz Quliyeva oğlunun mərkəzdə əldə etdiyi uğurlar haqqında belə deyir: “Həmişə istəmişəm ki, Şahinin də öz dostları olsun, öz qazancı olsun. O, artıq özü evdən sərbəst çıxıb işə gedir, nəqliyyatdan rahatlıqla istifadə edir, evə bazarlıq edir. Evimiz universitetin yanındadır. Şahin boş vaxtlarında ora gedir, tələbələrlə zaman keçirir, hər kəsdən nəsə yeni bir şeylər öyrənir”.

Regionlarda yaşayan xüsusi qayğıya ehtiyacı olan uşaqların inklüziv təhsil imkanlarının genişləndirilməsi üçün 2013-cü ildə Ağcabədi rayonunda “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi” yaradılıb. 2018-ci ildən Avropa İttifaqının maliyyə dəstəyi ilə UNİCEF və yerli QHT-lərlə birgə həyata keçirilən Azərbaycanda ən həssas qruplara daxil olan uşaqlar üçün icma və ailə əsaslı inteqrasiya edilmiş sosial xidmətlərin inkişafı” proqramının dəstəyindən faydalanmağa başlayan mərkəz təkcə Ağcabədi rayonu üçün deyil, ətraf rayonlarda yaşayan uşaqlar üçün də reabilitasiya xidmətləri göstərərək, minlərlə uşağın cəmiyyətə adaptasiya etməsinə yardım edir.

Adı çəkilən proqram Azərbaycanın seçilmiş rayonlarında uşaqlar üçün erkən uşaqlıq dövründə inkişaf üzrə icma əsaslı sosial xidmətləri və gənclər üçün xidmətləri inkişaf etdirməklə daha həssas, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaq və gənclərin keyfiyyətli xidmətlərə, dəstək tədbirlərinə və yeni imkanlara çıxış əldə edə biləcəyi mühit yaratmaq məqsədi daşıyır.

Bu məqsədə uyğun olaraq sözügedən proqram çərçivəsində Gəncə şəhərində, Kəlbəcər rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Qərargah qəsəbəsində və Ağcabədi rayonunun Qaravəlli və Rəncbərlər kəndlərində icma əsaslı məktəbəqədər təlim mərkəzləri açılıb. Təlim mərkəzlərində 3-5 yaşlı uşaqlar üçün həftədə 3 dəfə qrup məşğələləri keçirilir və ümumilikdə 100 uşaq bu mərkəzlərin fəaliyyətindən bəhrələnir. 

Gəncədə fəaliyyət göstərən icma əsaslı məktəbəqədər təlim mərkəzinin xidmətlərindən faydalanan uşaqlardan biri də 4 yaşlı Kənandır. Kənan anadangəlmə mikrosefaliya xəstəliyindən əziyyət çəkir. Bununla əlaqədar onda ünsiyyət problemi və nitqində geriləmə var idi. Ardıcıl olaraq ay yarım ərzində mərkəzin məşğələlərinə qatılan Kənanda aktiv sosiallaşma və bacarıqların inkişafı müşahidə edilir.

Kənanın anası Xəyalə xanım oğlunun mərkəzə gəlməmişdən əvvəl digər uşaqlardan qaçdığını, ona toxunulmasını istəmədiyini, uşaqlarla oynamadığını və hətta oturduğu yerdən durmaq istəmədiyini deyir. O, hətta meyvələri və tərəvəzləri belə tanımırdı. “Artıq bir aydır övladımda nəzərə çarpacaq dərəcədə müsbət dəyişiklikləri görürəm. Artıq meyvələri və tərəvəzləri tanıyır, uşaqlarla əl ələ tutub oyunlar oynayır. Bu, məni bir ana kimi çox sevindirir.” 

Layihənin rəhbəri Rövşən Novruzov deyir ki, icma əsaslı məktəbəqədər təlim mərkəzləri elə kənd və qəsəbələrdə təşkil olunmuşdur ki, orada uşaq bağçaları, uşaq inkişaf mərkəzləri mövcud deyil. “Bu cür mərkəzlərə icmaların böyük ehtiyacı var idi…Biz əminliklə deyə bilərik ki, məktəbəqədər təlim mərkəzləri icmalar üçün yeni nəfəs gətirmişdir.”

Mərkəzlərdə uşaqlarda müəyyən bacarıqların yaradılması, onların təfəkkürlərinin inkişafı üçün xüsusi məşğələlər keçirilir və buraya nitqin inkişafı və bədən tərbiyəsi, təsviri sənət və musiqi və məntiqi təfəkkürün inkişafı daxildir.

Gəncə icma əsaslı məktəbəqədər təlim mərkəzinin müəllimi Aynur Əliyeva Kənanın uğurlarına sevinir: “Kənan mərkəzimizə gələndən 2 həftə sonra uşaqlarla ünsiyyət qurmağı, əlindəki oyuncaqları uşaqlarla paylaşmağı öyrənmişdir, həmçinin tualetdən istifadə bacarığı əldə etmişdir. O, bizim mərkəzə çox həvəslə gəlir… Kənanda müsbət dəyişikliklərin olmasına sevinirik və məqsədimiz onun cəmiyyətə inteqrasiya olunmasına kömək etməkdir.”

Ağcabədidən olan hekayəyə geri dönək. Belə ki, rayonunda fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”-nə 13 yaşından müraciət edən Şahinin indi 19 yaşı var. Artıq o, digər uşaqlara və valideynlərə nümunədir. Mərkəzin koordinatoru Radə Qafarova Şahin haqqında fikirlərini bölüşüb: “Bu mərkəzə gəldikdən sonra Şahin bir fenomenə çevrildi. Onu bir çox tədbirlərə motivasiya modeli olaraq dəvət edirlər. İlk dəfə mərkəzi yaradanda bizim məhz məqsədimiz də bu idi. Bütün insanların bərabər imkanlara sahib olduğunu göstərib, onların da bu cəmiyyətin bir hissəsi olduğunu onlara hiss etdirmək.”

Radə xanımın sözlərinə görə, Şahinin nümunəsi bir çox valideynlər üçün stimul rolunu oynayır: “Layihə çərçivəsində biz nəinki uşaqlarla, onların ailələri ilə də geniş maarifləndirmə işləri aparırırıq. Valideyn komitələrinin yaradılması, ataların uşaqların inkişafına cəlb edilməsi uşaqların inkişafında ailənin necə vacib bir rol oynadığını onlara göstərir. Çox sevindirici haldır ki, bu gün Şahin kimi rol modeli olan uşaqlarımızın sayı cəmiyyətdə durmadan artır.”

Şahinin anası Firəngiz xanım əvvəllər sağlamlıq imkanları məhdud olan övladına görə çox narahat idi. İndi isə o, oğlu ilə qürur duyur: “Rayonda hər kəs onu tanıyır, polislər ona ehtiramla salam verir, insanlar onu çox sevir. Mən bir ana kimi çox xoşbəxtəm ki, övladımı bu mərkəzə gətirdim. İndi mən narahat deyiləm ki, əlilliyi olan uşağım var və çox sevinirəm ki, Şahin kimi mehriban, ana qədirbilən bir oğlum var.”

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda ən həssas qruplara daxil olan uşaqlar üçün icma və ailə əsaslı inteqrasiya edilmiş sosial xidmətlərin inkişafı” proqramı seçilmiş rayonlarda ehtiyaclı kateqoriyadan olan uşaqlara geniş çeşidli dəstək xidmətlərinin göstərilməsində müvafiq dövlət qurumları ilə birlikdə işləyən UNICEF və yerli QHT-lər ilə birgə əməkdaşlıqda həyata keçirilir.



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,