Şərq Tərəfdaşlığı Avropa Məktəbi böyük həyata vəsiqə kimi: bakılı məzun Alina Qavrişin hekayəsi

Şərq Tərəfdaşlığı Avropa Məktəbi böyük həyata vəsiqə kimi: bakılı məzun Alina Qavrişin hekayəsi

Sentyabr 16, 2021

18 yaşlı bakılı Alina Qavriş bu ilin may ayında Tbilisi şəhərində yerləşən Şərq Tərəfdaşlığı Avropa Məktəbini uğurla bitirib.

Buranın iki illik tədris proqramı Avropa məktəb sisteminə əsaslanır və məzunlarına Beynəlxalq bakalavr diplomu (IB Diploma Programme) təqdim edir.

Faktiki olaraq, məktəblə ali təhsil müəssisəsi arasında keçid mərhələsi olan bu kurs öz məzunlarına beynəlxalq ali təhsil müəssisələrinə qəbul zamanı böyük üstünlüklər qazandırır.

Alinanın hekayəsi bunun əyani sübutudur. İki il ərzində göstərilən səylər və əldə etdiyi yaxşı yekun qiymətlər qıza arzusunda olduğu xaricdə təhsil imkanını yaratmış oldu. Hazırda o, dünyanın 150 ən yaxşı ali təhsil müəssisəsi siyahısında yer alan Niderlandın Maastrixt universitetinin tələbəsidir.

“IB üzrə yekun balım əsasında Niderland və Finlandiyanın bir neçə ali təhil müəssisəsinə qəbul olundum. Lakin, “müsbət” və “mənfi” tərəfləri müqayisə etdikdən sonra seçimimi Maastrixt universiteti üzərində saxladım”, – Alina deyir.

“Seçimində həm ali təhsil müəssisəsinin yüksək reytinqi, həm akademik kursun zənginliyi, həm də universitetin yerləşdiyi şəhərin mühiti rol oynadı. Kiçik yaşıl tələbə şəhərciyi, insanların və avtomobillərin azlığı, hamının velosipedlə hərəkət etməsi… Bu, mənim üçün tam ideal bir şəraitdir!”, – o, gülümsəyərək əlavə edir.

Alina Qavriş, bir qayda olaraq, kişilərə xas hesab olunan (baxmayaraq ki, son illərdə Avropada bu stereotip qırılmaqdadır) bir sahə – “Data Science” (Verilənlər haqqında elm) və Süni İntellekt üzrə ixtisaslaşmaq qərarına gəlmişdir.  

Daha sadə dillə desək, bu sahənin mütəxəssisləri əsasında səsli köməkçilərin, tanıma proqramlarının və s. işlədiyi proqram alqoritmlərini yaradırlar.

Bu, heç də asan olmayan sahəyə marağı Alina dənizdə təhlükəsizlik texnikası mühəndisi kimi çalışan və hələ tələbəlik illərindən proqramlaşdırmadan yaxşı baş çıxaran atasından qazanıb. Lakin gələcək peşəsi ilə bağlı yekun qərarı o yalnız Şərq Tərəfdaşlığı Avropa Məktəbində təhsilinin ikinci ilində vermişdir. Bu işdə ona məktəbdə mövcud olan effektiv  mentorluq sistemi kömək etmişdir.

“Mənim koordinatorum peşə seçimində mənə çox kömək etdi. Marağım olmayan sahələri istisna etmək üsulu ilə biz kompüter elmlərinə gəlib çıxdıq. Daha dəqiq istiqaməti seçməkdə isə atam köməkçi oldu”, – deyə Alina bildirir. 

Tbilisidə fəaliyyət göstərən Şərq Tərəfdaşlığı Avropa Məktəbinə Şərq Tərəfdaşlığı regionunun 6 ölkəsindən, o cümlədən Azərbaycandan olan 16 yaşdan yuxarı məktəblilər qəbul ola bilərlər. Fəaliyyətdə olduğu 4 il ərzində məktəbi 64 nəfər bitirib ki, onların da təxminən 70%-i qızlardır. Məktəbdə təhsil tamamilə pulsuz, Avropa İttifaqı tərəfindən ödənilən təqaüd hesabınadır. Həmin təqaüdə həmçinin yaşayış, şəhər nəqliyyatından istifadə, ildə iki dəfə evə gediş-dönüş bileti və hətta yay məktəbləri və konfranslarda iştirak xərcləri də daxildir.

Beynəlxalq diplom iqtisadiyyat, biokimya mühəndisliyi, fizika, sosial elmlər, incəsənət və mədəniyyət, kommunikasiyalar və KİV, beynəlxalq münasibətlər, tibb, hüquq, humanitar elmlər və kompüter texnologiyaları kimi sahələrdə karyera qurmaq imkanı verir.

“İlk dəfə bu məktəb haqqında sosial şəbəkələrdən məlumat əldə etdikdə diqqətimi “Tbilisi” və “ödənişsiz təhsil” ifadələri çəkdi”, – Alina gülərək deyir. “Əvvəlcə inanmağım gəlmədi, amma həqiqətən də təhsil aldığım 2 il ərzində heç nə üçün ödəniş etməmişik. Hətta pandemiya dövründə pulsuz COVID-19 testi verir və dərmanla təmin olunurduq”. 

“Həmin vaxt hələ IB-nin nə olduğunu bilmirdim. Amma indi deyə bilərəm ki, çətin olmasına, çoxlu əmək və şüur tələb etməsinə rəğmən 2 il ərzində həm akademik bilik, həm də müxtəlif bacarıqlar baxımından çox şey öyrənirsən. IB daim düşünməyə və təhlil etməyə vadar edir.

Hər bir iş kiçik xülasə ilə müşayiət olunmalıdır. Burada gördüyün işi təsvir edir, məqsədi qeyd edir, səhvləri aşkarlayır və nəticəni təqdim edirsən. Bu, işi “avtomatik” şəkildə deyil, daha şüurlu qaydada, nə etdiyini və nə üçün etdiyini anlayaraq etməyə şərait yaradır.

Qızın sözlərinə görə, IB ona daha geniş düşünməyi və şəxsi fikrindən uzaqlaşaraq, problemə müxtəlif baxış bucaqlarından baxmağı öyrədib. Bunun sayəsində dünya və insanları qəbul etmə baxımından bir sıra stereotiplər qırıldı, ictimai fikrin əhəmiyyəti azaldı.

Bundan başqa, Tbilisidə fəaliyyət göstərən beynəlxalq orta məktəb Alinaya özünəinamlı olmağa, ingilis dili biliklərini artırmağa və tanış olmayan auditoriya qarşısında həyəcansız çıxış etməyə köməklik göstərib.

“Baxmayaraq ki, daha əvvəl də beynəlxalq tədbirlərdə iştirak etmişdim və çoxlu sayda tanımadığım insanlar arasında olmuşdum, amma sıxıntı və narahatlıq hissi məni tərk etmirdi. Tbilisidəki məktəbdə isə şərait tamamilə fərqli idi! Bu beynəlxalq mühit mənə daha sərbəst olmağa kömək etdi”, – Alina danışır.

Sərbəst həyat istər-istəməz özünənəzarət və intizamı öyrədir. Yetkin həyatda bu xüsusiyyətlər olmadan keçinmək mümkün deyil.

Heç də hər valideyn öz 16 yaşlı qızını xarici ölkədə təhsil almağa tək göndərmir. Lakin Alinanın ailəsi öz qızlarına inanır və etimad göstərir. Təəccüblü deyil ki, qız artıq 10 yaşından etibarən mütəmadi olaraq doğma şəhərin hüdudlarından kənara çıxır. Alina ciddi şəkildə tennislə məşğul olur və gənclər üzrə Azərbaycan yığmasının üzvüdür. O, 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında, həmçinin çoxsaylı beynəlxalq turnirlərdə, o cümlədən nüfuzlu “Billie Jean King Cup” turnirində iştirak etmiş və həmin yarışda yığma üçün 2 qələbə qazanmışdır.

Alina çox şəhərdə olub, amma Tbilisi onun ikinci evinə çevrildi. Şəhərin qıza tanış olması və Bakıdan cəmi saat yarımlıq uçuş məsafəsində yerləşməsi müəyyən mənada valideynlərinin ona ürək rahatlığı ilə icazə verməsində rol oynayıb. Məktəb rəhbərliyi bütün valideynlərə, gəlib hər şeyi əvvəlcədən görmək istəyən hər kəsə açıqdır. Burada yetirmələrin təhlükəsizliyinə ciddi yanaşılır. Burada kiçik uşaqların deyil, artıq yetkin şəxslərin təhsil almasına baxmayaraq, hər kəs üzərində səmərəli nəzarət həyata keçirilir.  

Alinanın sözlərinə görə, məktəbin binasını tərk etməzdən əvvəl mentora müraciət edərək hara getdiyini və nə zaman qayıdacağını bildirmək tələb olunur. Koronavirus pandemiyası dövründə isə qaydalar daha da sərtləşdirilib.

Alinanın özü bu sistemdə problemli heç nə görmür, belə ki, onun sözlərinə görə, təhsil o qədər vaxt və güc aparır ki, çox az sərbəst vaxt qalır.

“Öz otağımı çox sevirdim! Bu mənim balaca dünyam idi. Burada mən məmnuniyyətlə dərslərimi oxuyur, istirahət edir və idmanla məşğul olurdum”, – o danışır.

Məktəbin beynəlmiləl mühiti və təhsilə müasir yanaşma gənclər üçün ünsiyyətin təhsil və inkişafla bir araya gəldiyi mühit yaradır. Məsələn, Alina deyir ki, imtahanlardan öncə uşaqlar sinif otaqlarında toplaşa, müzakirələr və fikir mübadilələri vasitəsilə birlikdə hazırlaşa bilərdilər.

“Tbilisidəki məktəbdə mən təcrübə, bilik və bacarıqlardan savayı həm də xeyli yeni dostlar qazandım! Burada özümə həm də doğma insanı tapdım!” – deyə Alina belaruslu ən yaxın rəfiqəsini nəzərdə tutur.

Hazırda Azərbaycanda məktəbi bitirməkdə olan və xaricdə təhsil almaq istəyən hər kəsə Alina Qavriş cəsarətli olmağı və heç nədən qorxmamağı, bununla belə, hər şeyə ağılla yanaşmağı məsləhət görür!

Məsələn, öz vaxtını düzgün planlaşdırmaq, hər şeyi vaxtında etmək və son ana saxlamamaq, məktəb dərslərini tarazlaşdırılmış şəkildə qurmaq (həddən artıq asan və ya mürəkkəb olmaması üçün) lazımdır, çünki universitetlərə sənəd verərkən bütün bu məqamlar nəzərə alınır. Məsələn, qlobal siyasət kimi bəzi fənnləri seçdikdə müəyyən fon biliklərə malik olmaq vacibdir, əks halda çətin ola bilər.

“Onu da bilmək lazımdır ki, IB sistemində müəllimlər hər zaman kömək edəcək, izah edəcək və sənə lazım olan bütün məlumatı təqdim edəcəklər, lakin heç kim səni oxumaq üçün dilə tutmayacaq və sənin üçün mütəəssir olmayacaq. Sənin uğurun yalnız sənin məsuliyyətindir. Müəllimlər tərəfindən bu cür yanaşma həm daha çox azadlıq verir, həm də öz hərəkətlərinə görə məsuliyyət hissini artırır”, – Alina deyir.

Alina məsləhət görür ki, müraciət etdiyiniz ali təhsil müəssisələrinin bütün tələbləri ilə ətraflı tanış olasınız. Belə ki, hər ali təhsil müəssisəsinin öz müraciət müddəti, öz sənədlər siyahısı var. Heç də hər universitet tələbəni ilkin qiymətlər əsasında qəbul etmir.

2021-2023-cü tədris illərində Şərq Tərəfdaşlığı Avropa Məktəbi Şərq Tərəfdaşlığı ölkələrindən olan və müsabiqədən keçmiş daha 40 məktəblini qəbul edəcək. Məktəb, müraciət göndərilməsi prosedurları və digər vacib məsələlər barədə ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz.

Müəllif: Yelena Ostapenko

Məqalə dərc edildi: 1news.az

The European School for the Eastern Partnership in Georgia



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,