Bakıda ilk inklüziv sənətkarlıq sinifi: əlilliyi olan uşaqlar arasında həyata necə maraq oyatmaq?

Bakıda ilk inklüziv sənətkarlıq sinifi: əlilliyi olan uşaqlar arasında həyata necə maraq oyatmaq?

Noyabr 27, 2019

«Oğlumuzu idmana da, müxtəlif kurslara da yazdırırdıq, amma heç biri onun marağını oyatmırdı, uşaq evdən belə çıxmaq istəmirdi. Elə bir neçə dərsə gedirdi, vəssalam.

Bura isə, əksinə, böyük ruh yüksəkliyi ilə gedir. Hələ bu harasıdır, həftə boyu çərşənbəni səbirsizliklə gözləyir, vaxt gəldikdə isə elə sübh tezdən gözəl əhval-ruhiyyə ilə yuxudan oyanır», – bu sözləri uşaq serebal iflici ilə əlaqədar inkişafında müəyyən problemləri olan oğlanın atası, Elbrus bəy deyir.

Yaxşı, bəs uşaq nəyə belə böyük həvəs göstərir? Söhbət İnklüziv sənətkarlıq üzrə təlim mərkəzindən gedir. Bu, Bakıda fəaliyyət göstərən uşaq və gənclər üçün yeni tədris platformasıdır.

Sentyabr ayından burada Azərbaycanın ənənəvi dekorativ-tətbiqi sənəti üzrə altı aylıq və bir illik kurslar açılmışdır. Mərkəzdə uşaqlara keramika, ağac üzərində oyma, batika və başqa tətbiqi sənət növlərinin sirrlərini açırlar.

Elbrus bəy oğlunu buraya qonşu şəhərdən gətirir və deyir ki, artıq dərslərin birinci ayından uşaqda ürəkaçan dəyişikliklərin şahidi olub.

  • dsc8146
    Baku’s first inclusive craft class
  • dsc8480
    Baku’s first inclusive craft class
  • dsc8158
    Baku’s first inclusive craft class

“Bilirsiniz, əvvəllər oğlumu evdən maşın ilə gətirirdim, amma indi maşın yoxdur deyə, Sumqayıtdan buraya avtobusla gəlirik. Maraqlısı odur ki, indiyə qədər uşaq ictimai nəqliyyatda kompleks keçirirdi, amma indi fikir verirəm ki, o, özünü daha rahat, daha sərbəst aparır, hətta avtobusa heç bir kömək olmadan minib enir», – Elbrus bəy bu sözləri qürur ilə deyir.

Layihə Avropa İttifaqı tərəfindən maliyyələşir və BMT-nın İnkişaf Proqramı (UNDP) və İçəri Şəhər İdarəsi ilə birgə həyata keçirilir. İnklüziv Uşaq Mərkəzi İçəri şəhərin Ənənəvi Sənət Mərkəzinin bir hissəsidir, harada ki peşəkar sənətkarlar Azəbaycan milli koloritini ifadə edən sənət əsərlərini yaradırlar.

Layihənin baş eksperti Zarina Əliyevanın sözlərinə görə, sözü gedən mərkəz iki məqsəd güdür – bütün iştirakçıları sənətin ilkin vərdişlərinə yiyələndirmək və onlara sənətdə özünü təsdiqləmək imkanları qazandırmaq, həmçinin əlilliyi olan uşaqlar üçün bu, gözəl bir ünsiyyət imkanıdır, axı onların çoxu cəmiyyətdən uzaqdırlar.

Əhalisinin sayı 10 million olan Azərbaycanda təxminən 70 min əlilliyi olan uşaq qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin məlumatına görə, bu uşaqların yalnız 37% evdə və ya xüsusi məktəb-internatlarda təhsil almaq imkanlarına malikdirlər. Digərləri isə təhsil prosesindən uzaqdır və buna görə də ailədən kənar hansısa bir ünsiyyətdən mərhumdurlar.

“Unutmayaq ki, bu günün cəmiyyətdən təcrid olunmuş uşağı sabahın özünə güvənməyən, sosial bacarıqları olmayan bir insanıdır, təhsilə əli çatmaması təqdirdə isə adam ömür boyu ailə üzvlərindən asılı vəziyyətdə qalacaq”, – Zarina Əliyeva belə deyir.

  • dsc8292
    Baku’s first inclusive craft class
  • dsc8419
    Zarina Aliyeva (right), the project’s chief expert

“Məhz buna görə də səhhətlərində müəyyən problemlər olan uşaqlar üçün onların digər uşaqlarla ünsiyyətdə olması və birlikdə təhsil almaq imkanları yaratmaq çox vacibdir. Bu təqdirdə proses daha da sürətlə gedir”, – deyərək o, davam edir.

Bu gün İçəri Şəhərdə yerləşən İnklüziv Mərkəz özündə 15 yaşdan yuxarı 65 uşağı birləşdirir ki, onların 25-nin sağlamlıq imkanları məhduddur.

Qruplar elə yığılıb ki, hər sinifdə 4-5 əlilliyi olan və 6-7 sağlam uşaq təhsil alır. Mütəxəssislər siniflərin bu cür komplektləşdirilməsini tədris prosesi imkanları baxımından hamı ücün əlverişli olduğunu bildirir.

Ümumiyyətlə layihə 45 əlilliyi olan uşaq və yeniyetmə və 70-ə yaxın sağlam uşaqları əhatə edəcəkdir.

Burada təcrübəli peşəkar ustalar dərs deyir. Onlardan biri – 40-illik təcrübəsi olan keramika ustası Saleh Məmmədovdur. Saleh usta İnklüziv sənət sinifindəki uşaqlarla böyük həvəs ilə işləyir və uşaqların bu cür – sənət və gözəllik yolu ilə inkişafını – artıq dərəcədə səmərəli hesab edir.

“Əlbəttə, biz burada şedevrlər yaratmırıq. Olsun. Amma uşaqların əlləri ilə işlənmiş ən sadə keramik fincan belə onların ürəklərinin istisini özündə daşıyır. Bəli, bu fincan idealdan uzaq ola bilər, lakin o, uşaqların iç dünyasını əks edir. Əsərində məhz sənə məxsus olan özəlliyi təcəssüm etmək – bu elə yaradıcılığın özüdür”, – Saleh müəllim buna əmindir.

O, deyir ki, yaradıcılıq sinifi uşaqların dostlaşması üçün ideal imkanlar yaradır. Bu proses çox təbii baş verir – uşaqlar daim təmasdadırlar, onlar söhbət edir, zarafatlaşır, bir birinə kömək edirlər. Saleh Məmmədov heç də istisna etmir ki, başqa bir şəraitdə, deyək ki, metroda və yaxud parkda üz-üzə gəldikdə onlar bir birində fikir vermədən yan keçərdilər: “Sinifimizdə isə onları eyni iş, eyni maraqlar birləşdirir. Və bu, uşaqları bir birinə bağlayaraq, onları mehribanlaşdırır və ünsiyyət nemətindən bəhrələndirir”.

  • dsc8386
    Baku’s first inclusive craft class
  • dsc8130
    Trainer Salekh Mammadov (centre) is a ceramist with 40 years of experience
  • dsc8137
    Trainer Salekh Mammadov (centre) is a ceramist with 40 years of experience
  • dsc8165
    Trainer Salekh Mammadov (centre) conducts ceramics class at the centre

“Baxın, müəllimin inklüziv sinifdə işləməsi üçün ən əsas nədir? Həm uşaqları sevmək, həm də ki, öz sənətinə aşiq olmaq. Sən elə etməlisən ki, uşaqlar da sənin sənətində özləri üçün hansısa bir özəllik tapsınlar, onların gözlərində maraq qığılcımı və həyat eşqi oyatmalısan”, – Saleh müəllimin müsbət aurası istər-istəməz həmsöhbətinə də keçir.

İndi isə sözü Gülmirə xanıma verək – onun 17 yaşlı qızının uşaq serebal iflici ilə əlaqədar əlilliyi var. Gülmirə xanım deyir ki, qızını bir çox ödənişli məşqlərə aparırdı, amma çox nadir hallarda oradakı işçilər tərəfindən bu qədər qayğı və diqqət hiss olunurdu.

“Buraya biz tam təmənnasız gəlirik. Qızım ozü də buraya böyük həvəs göstərir, onda maraq hissi oyanıb. Mənim üçün isə ən əsası elə budur”, – Gülmirə xanım sevincini gizlətməyərək başqa uşaqlar tərəfindən də qızına qarşı gözəl münasibətə diqqət yönəldir və bunun işçilərin peşəkar yanaşmasının nəticəsi kimi qiymətləndirir.

Burada müəllimlərə xüsusi təhsil fakültəsindən olan könüllülər kömək edir. Onların əsas vəzifələri zəruri hallarda əlilliyi olan uşaqlara fərdi yardımdan, eləcədə problemləri olan uşaqların digərləri ilə ünsiyyətlərinə köməkdən ibarətdir.

Bununla belə, komandada əlavə xidmətlər üzrə mütəxəssislər, o cümlədən psixoloq, sosial işçi, loqoped və surdotərcüməçi  fəaliyyət göstərir. Onlar əlilliyi olan uşaqların hər birisi ilə fərdi İnkişaf Planı əsasında iş aparırlar. Əlavə olaraq, burada uşaqlar üçün ilkin həyatı bacarıqlar və ən sadə biznes-planların hazırlanması üzrə dərslər keçirilir.

“Bura çox xoşuma gəlir. Mən artıq kağızdan zənbil və gildən müxtəlif qab-qacaq düzəltməyi bacarıram. Burada özümə dostlar da qazanmışam. Böyüyəndə, mən də müəllim olmaq, uşaqlarla işləmək istəyirəm”, – bu sözləri isə Mərkəzin şagirdi, inkişafında müəyyən problemləri olan qız deyir.

Tədris proqramı gələn il başa çatdıqda Mərkəzin bütün məzunları hazırladığı işlərinin satılmasına dair fərdi biznes-planlarını təqdim etmək imkanlarını əldə edəcəklər. Xüsusi jüri ən yaxşı layihələri seçəcək, müəlliflərinə isə özlərini artıq püxtələşmiş peşəkar kimi ifadə etmək üçün zəruri iş materialları şəklində qrantlar təqdim olunacaqdır. Layihə üzrə nəticələrlə isə 2020-ci ilin noyabrında keçiriləcək böyük sərgidə tanış olmaq olar.

Əlil insanlar bəzən qeyri-adi istedadlara malikdirlər və cəmiyyət onlara özlərini sübut etmək fürsəti verməyərək çox şey itirir.

Məsələn, böyük alman bəstəkarı Lüdviq van Bethoven (1770 – 1827) bir çox dahi əsərlərini eşitmə qabiliyyətini itirdikdən sonra yaratmışdır və yaxud ABŞ-nın 32-ci prezidenti Franklin Ruzveltin (1882 – 1945) keçirdiyi poliomielitin nəticəsində ömrünün sonuna qədər əlil arabasında gəzib, amma adı Amerika tarixinə qızıl hərflərlə yazılıb.

Bu cür parlaq nümunələr XXI əsrin tarixində də var. Stiven Xokinq (1942 – 2018) – dünya şöhrətli ingilis astrofiziki. Motor neyron xəstəliyi nəticəsində demək olar ki, tamamilə iflic olmuş və yalnız sağ əlinin barmaqları ilə hərəkət edə bilən bu alim adını müasir kosmik elmi tarixinə yazmağı bacardı.

“Qərbdə qəbul edilən əlilliyin sosial modelinə görə, problem insanın əlil olmasında deyil, onun normal həyat tərzi üçün şəraitin olamamasındadır. Məsələn, əlil arabasında hərəkət edən insanı gördükdə onun hərəkətsiz olmağı yox, pandus və liftlərin olmamağı problem kimi qiymətləndirilməlidir”, – Zarina Əliyeva belə deyir.

Azərbaycan, postsovet məkanın başqa ölkələri kimi, hələ ki təhsil və cəmiyyətdə inklüzivliyə doğru gedən yolun başlanğıcındadır. Sözügedən mərhələnin başlıca vəzifəsi isə cəmiyyətin buna hazırlanması və təhsil sisteminin uyğunlaşmasından ibarətdir.

Yelena Ostapenko

Article published in Azerbaijani and Russian by 1news.az



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,