Rusiyanın Ukraynaya qarşı təcavüzü: Aİ altıncı sanksiya paketini qəbul edib
İyun 7, 2022

Rusiyanın Ukraynaya qarşı təcavüzü: Aİ altıncı sanksiya paketini qəbul edib


İyunun 3-də Aİ Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzü və Belarusun ona dəstək verməsi, o cümlədən Rusiya silahlı qüvvələrinin Ukraynada törətdiyi vəhşiliklər ilə əlaqədar olaraq altıncı sanksiyalar paketini qəbul edib.

Aİ Rusiyadan Aİ-yə xam neft və bəzi neft məhsullarının satın alınması, idxalı və ya ötürülməsini qadağan etmək qərarına gəlib. Rusiya neftinin idxalının mərhələli şəkildə dayandırılması nəzərdə tutulub. Belə ki, altı ay ərzində xam neft idxalının dayandırılması, səkkiz ay ərzində isə digər emal olunmuş neft məhsullarının idxalının dayandırılması planlaşdırılır.

Coğrafi mövqeyinə görə Rusiya neftinin tədarükündən asılı olan və başqa mümkün enerji mənbələri olmayan Aİ-yə üzv dövlətlərə xam neftin boru kəməri ilə idxalı ilə bağlı müvəqqəti istisnaların tətbiqi nəzərdə tutulur. Bundan başqa, Rusiyadan dəniz vasitəsilə xam neft və vakuum qazoylun idxalında Bolqarıstan və Xorvatiya üçün müvəqqəti güzəştlər tətbiq ediləcək.

Aİ həmçinin Rusiyanın daha üç kredit təşkilatını (Rusiyanın ən böyük bankı olan Sberbank, Moskva Kredit Bankı və Rosselxozbank) və Belarus İnkişaf və Yenidənqurma Bankını Swift sistemindən kənarlaşdıracaq. 

Aİ Rusiya ilə qonşu ölkələrdə, Aİ-də və ona üzv dövlətlərdə sabitliyi pozmaq məqsədilə Ukraynanın işğalı ilə bağlı dezinformasiya yayan və təbliğat aparan Rusiyanın daha üç dövlət kütləvi informasiya vasitəsinin (“Rossiya RTR/RTR Planeta”, “Rossiya 24/Russia 24” və TV Centre International) Aİ ərazisində yayımını dayandırıb.

Bundan əlavə, Aİ həm Rusiya, həm də Belarus müəssisələri daxil olmaqla, ikili təyinatlı məhsullar və texnologiyalar üzrə ixrac məhdudiyyətlərindən təsirlənən fiziki şəxslərin və müəssisələrin siyahısını genişləndirir. Aİ Rusiyanın müdafiə və təhlükəsizlik sektorunun texnologiyalar cəhətdən təkmilləşdirilməsinə töhfə verə biləcək mal və texnologiyaların sanksiyalar siyahısına əlavə edilməsinə qərar verib. Siyahıya kimyəvi silah hazırlamaq üçün istifadə oluna biləcək 80 kimyəvi maddə daxil edilib.

Aİ Rusiyaya mühasibat uçotu, ictimai əlaqələr və məsləhət xidmətlərinin, həmçinin bulud xidmətlərinin göstərilməsini qadağan edəcək. 

Aİ həmçinin daha 65 fiziki şəxsə və 18 müəssisəyə qarşı sanksiya tətbiq etmək qərarına gəlib. Bunlar arasında Rusiya qoşunlarının Buça və Mariupolda törətdiyi vəhşiliklərə görə məsuliyyət daşıyan və müharibəni dəstəkləyən şəxslər, aparıcı iş adamları və siyahıda adı olan oliqarxların ailə üzvləri və Kreml rəsmiləri, eləcə də müdafiə sektorunda çalışan şirkətlər və maliyyə institutu var. 

Sadalanan 65 fiziki şəxs arasında Buçada ukraynalı dinc sakinləri öldürən, zorlayan və işgəncə verən Rusiya ordusu bölmələrinin hərəkətlərinə rəhbərlik edən hərbçilər, o cümlədən “Buça qəssabı” kimi tanınan polkovnik Azatbek Omurbekov da var. Siyahıda həmçinin Mariupol şəhərinin qeyri-insani şəkildə mühasirəyə alınmasına görə məsuliyyət daşıyanlar, o cümlədən “Mariupol qəssabı” kimi tanınan general-polkovnik Mixail Mizintsev və 2022-ci ilin martında Xerson vilayətində Rusiya işğalçıları ilə əməkdaşlıq edən qondarma “Sülh və Asayişi Xilasetmə Komitəsinin” yaradılmasında iştirak edən şəxslər də var. Aİ siyasətçilərə, təbliğatçılara, aparıcı iş adamlarına və artıq sanksiyaya məruz qalmış şəxslərin ailə üzvlərinə qarşı da sanksiyalar tətbiq edir. Keçmiş gimnast və Dövlət Dumasının deputatı Alina Kabayeva Rusiya Prezidenti Vladimir Putinin yaxın adamı kimi sanksiyalar siyahısına salınıb.

Sanksiyaya məruz qalan 18 müəssisə arasında birbaşa və ya dolayısı ilə Rusiya silahlı qüvvələrini və Rusiya hökumətini dəstəkləyən müxtəlif şirkətlər, o cümlədən Rusiyanın ən böyük qiymətli kağızlar xəzinəsi olan Milli Hesablama Xəzinəsi də var. 

Ümumilikdə, Aİ-nin məhdudlaşdırıcı tədbirləri hazırda 1 158 fiziki və 98 hüquqi şəxsə şamil edilir. Siyahıda yer alan şəxslərin aktivləri dondurulur və Aİ vətəndaşları və şirkətlərinin onlara vəsait verməsi qadağandır. Əlavə olaraq həmin fiziki şəxslərin Aİ ərazisinə daxil olması və ya tranzit yolla keçməsi də qadağan edilib.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,