Eurobarometer: Avropalılar Aİ-nin Ukraynadakı müharibə ilə bağlı gördüyü tədbirləri müsbət qarşılayır
May 6, 2022

Eurobarometer: Avropalılar Aİ-nin Ukraynadakı müharibə ilə bağlı gördüyü tədbirləri müsbət qarşılayır


Mayın 5-də Aİ-yə üzv dövlətlərin vətəndaşları arasında aparılan növbədənkənar Eurobarometer sorğusunun nəticələri dərc olunub. Sorğu göstərir ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə bağlı Aİ-nin apardığı siyasətin xeyrinə olmaqla Aİ vətəndaşları arasında geniş konsensus mövcuddur. 

Avropalıların əksəriyyəti düşünür ki, müharibə başlayandan etibarən Aİ sözügedən məsələ ilə bağlı həmrəylik (79%) və birlik (63%) nümayiş etdirib və cəld (58%) tədbirlər görmüşdür.

Ümumilikdə, respondentlər Ukraynaya və onun xalqına davamlı dəstəyin tərəfdarıdırlar. Xüsusilə, on respondentdən doqquzu (93%) müharibədən zərər çəkmiş insanlara humanitar yardımın göstərilməsini alqışlayır. Avropalıların 88%-i müharibə səbəbindən Ukraynanı tərk edən insanların Aİ-yə qəbul edilməsi ideyasını və 80%-i Ukraynaya maliyyə yardımının göstərilməsini dəstəkləyir. Respondentlərin 66%-i “Ukrayna hazır olduqda Aİ-yə daxil olmalıdır” fikrinin tərəfdarıdır, 71%-i isə Ukraynanın Avropa ailəsinin bir üzvü olduğuna inanır və 89% ukraynalılara rəğbət bəsləyir.

Rusiyanın Ukraynaya hərbi hücumundan sonra ona qarşı tətbiq edilən sanksiyaları dəstəkləyənlərin sayı da çoxdur. Belə ki, Avropalıların böyük əksəriyyəti (80%) Rusiyaya qarşı iqtisadi sanksiyaları, 79%-i isə işğala görə məsuliyyət daşıyan Rusiya siyasi elitasına və rus oliqarxlarına qarşı sanksiyaları təqdir edirlər.

Avropalıların üçdə ikisi (67%) Aİ-nin Ukraynaya hərbi texnikanın alınması və tədarükünü maliyyələşdirməsini dəstəkləyir. Bundan əlavə, respondentlərin 75%-i hesab edir ki, Ukraynadakı müharibə “Aİ daxilində daha sıx hərbi əməkdaşlığa ehtiyacı olduğunu” göstərir.

Sorğunun nəticələri göstərir ki, Rusiyanın fosil yanacaq növlərindən asılılığına son qoymaq üçün Aİ-nin gördüyü tədbirlər vətəndaşlar tərəfindən müsbət qarşılanır. Gələn qış mövsümü üçün yanacaq qıtlığının qarşısını almaq üçün Aİ tərəfindən qaz anbarlarının doldurulması (86%), yaşayış binaları, nəqliyyat və məhsullar sahəsində enerji səmərəliliyini artırmaq üçün Aİ-nin gördüyü tədbirlər (85%) və Ukraynadakı müharibənin bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması məsələsinin zəruriliyini artırması (84%) ilə bağlı respondentlər arasında geniş konsensus mövcuddur.

Sözügedən sorğu 13-20 aprel 2022-ci il tarixləri arasında 27 Aİ-yə üzv dövlətin vətəndaşları arasında aparılıb. Sorğuda onlayn olaraq 26 066 Aİ vətəndaşı iştirak edib. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,