Avropa İttifaqı və Çin arasında videokonfrans formatında 23-cü ikitərəfli sammit keçirilib

Avropa İttifaqı və Çin arasında videokonfrans formatında 23-cü ikitərəfli sammit keçirilib

Aprel 4, 2022

Aprelin 1-də Avropa İttifaqı və Çin arasında videokonfrans formatında 23-cü ikitərəfli sammit keçirilib. Sammitdə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Avropa Komissiyasının sədri Ursula von der Leyen, Çinin Baş naziri Li Keçyan və Çinin prezidenti Si Cinpin iştirak ediblər. Tədbirdə Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü, müharibənin qlobal iqtisadiyyata, ərzaq və enerji təhlükəsizliyinə təsiri, eləcə də COVID-19 ilə mübarizə müzakirə edilib.  

Aİ Çinin BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü kimi dünyadakı roluna və Rusiya ilə müstəsna yaxın münasibətinə uyğun olaraq, Ukraynada qan tökülməsinə dərhal son qoymağa yönəlmiş səyləri dəstəkləməyə çağırıb. “Dünyanın aparıcı gücləri olaraq Aİ və Çin Rusiyanın Ukraynada başladığı müharibənin mümkün qədər tez dayandırılması üçün birlikdə çalışmalıdır. Biz sülh və sabitliyin, eləcə də dünyada təhlükəsizliyin və dayanıqlılığın bərqərar olmasında birlikdə məsuliyyət daşıyırıq. Davamlı atəşkəsə nail olmaq, əsassız müharibəyə son qoymaq və onun yaratdığı humanitar böhranı aradan qaldırmaq üçün Çinin dəstəyinə güvənirik”, – deyə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bildirib. 

“Rusiyanın Ukraynaya qarşı təcavüzünün təkcə qitəmizlə bağlı deyil, həmçinin digər ölkələrlə münasibətlərimizdə bir həlledici məqam olduğunu vurğuladıq. Beynəlxalq hüquqa, eləcə də Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir”, – deyən Avropa Komissiyasının sədri Ursula von der Leyen BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Çinin xüsusilə məsuliyyət daşıdığını bildirib. Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi məsələsinə toxunan xanım Leyen sanksiyalara ümumilikdə 40-dan çox ölkənin qoşulduğunu bildirib. “Beləliklə biz açıq aydın bildirdik ki, Çin sanksiyaları dəstəkləməsə belə, heç olmasa onlara müdaxilə etməməlidir”. Bu sözləri xanım Leyen sammitdən sonra keçirilən birgə mətbuat konfransında deyib

O, həmçinin bildirib ki, Aİ və Çin arasında ikitərəfli ticarət baxımından Rusiya ilə biznes əlaqələrinin davam etdirilməsi bu ölkənin nüfuzuna mənfi təsir edə bilər: “Bu etimad, etibarlılıq və təbii ki, uzunmüddətli investisiya ilə bağlı qərarlar məsələsidir. Nəzərinizə çatdırım ki, Çin və Avropa İttifaqı arasındakı mal və xidmət dövriyyəsinin həcmi gündəlik olaraq 2 milyard avroya yaxındır.  Müqayisə üçün qeyd edim ki, Çin və Rusiya arasında ticarət dövriyyəsi gündəlik olaraq cəmi 330 milyon avro təşkil edir. Beləliklə, müharibənin davam etməsi və onun dünya iqtisadiyyatına gətirdiyi zərər heç kimin, şübhəsiz ki, Çinin maraqlarına uyğun deyil”.

Daha çox öyrən

Mətbuat üçün açıqlama




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,