Avropa İttifaqı Ukraynaya hərbi texnikanın göndərilməsi və bir sıra digər tədbirlərlə bağlı tərəfdaşları ilə razılığa gəlib 

Avropa İttifaqı Ukraynaya hərbi texnikanın göndərilməsi və bir sıra digər tədbirlərlə bağlı tərəfdaşları ilə razılığa gəlib 

Mart 1, 2022

Avropa İttifaqı Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə cavab olaraq yeni tədbirlər planını qəbul edib. Tədbirlərə Ukrayna silahlı qüvvələrinə hərbi sursat və texnikanın çatdırılması, bütün Rusiya təyyarələri üçün hava məkanının bağlanması və Rusiyanın Mərkəzi Bankı ilə əməliyyatlara qadağa daxildir.

Avropa İttifaqı Şurası Aİ-nin tərəfdaşları və müttəfiqləri ilə sıx əməkdaşlıq çərçivəsində bu tədbirlər haqqında razılığa gəlib.

“Ukraynanın Xarici İşlər Nazirinin tələbi ilə biz Ukrayna ordusu üçün öldürücü və qeyri-öldürücü materialların tədarükünü maliyyələşdirmək məqsədilə iki təcili yardım tədbiri ilə bağlı Avropa Sülh Fondunu səfərbər edirik”, deyə Aİ-nin Ali Nümayəndəsi Cozep Borrel bildirib. “Aİ tarixdə ilk dəfədir ki, üçüncü ölkəyə silah və texnikanın alınması üçün maliyyə vəsaiti təmin edəcək. Biz Ukraynanı dəstəkləmək üçün əlimizdən gələni edirik, Ukrayna xalqını dəstəkləyirik”.

Şura Avropa Sülh Proqramı (EPF) çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin ölkənin ərazi bütövlüyünü və suverenliyini qorumaq, eləcə də mülki əhalini davam edən hərbi təcavüzdən qorumaq məqsədilə bu ölkənin potensialını və dayanıqlığını gücləndirməyə kömək edəcək iki yardım paketi də qəbul edib. Ümumi dəyəri 500 milyon avro olan yardım tədbirləri Ukrayna Silahlı Qüvvələri üçün hərbi texnika və materialların, o cümlədən ilk dəfə hərbi sursatların tədarükünü maliyyələşdirmək üçün nəzərdə tutulub.

Şura həmçinin aviasiya və maliyyə sahəsində də ciddi məhdudlaşdırıcı tədbirlər qəbul edib.

Aİ-yə üzv dövlətlər Rusiya aviadaşıyıcıları tərəfindən idarə olunan hər hansı bir təyyarəyə enməyə, havaya qalxmağa və ya hava məkanından istifadəyə icazə verməkdən imtina edəcək. Buraya həmçinin Rusiyalı hüquqi və ya fiziki şəxs tərəfindən idarə olunan marketinq xarakterli daşıyıcı və ya Rusiyada qeydiyyatdan keçmiş və ya keçməmiş təyyarələr də daxildir.

Bundan əlavə, Rusiya Mərkəzi Bankı və ya bu bankın adından və ya onun göstərişi ilə fəaliyyət göstərən hər hansı hüquqi şəxs, təşkilat və ya orqan ilə əməliyyatlar qadağan ediləcək.

Tədbirləri elan edən Aİ “Rusiya Federasiyasının Ukraynaya qarşı səbəbsiz və əsassız hərbi təcavüzünü, habelə Belarusun bu təcavüzdə iştirakını ən kəskin şəkildə pisləyib” və Rusiyadan hərbi əməliyyatların dərhal dayandırılmasını, bütün qüvvələrin və hərbi texnikanın Ukraynanın bütün ərazisindən qeyd-şərtsiz çıxarılmasını və Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə tam hörmətlə yanaşılmasını tələb edib. 

“21-ci əsrdə sərhədlərin güc və zorakılıq yolu ilə dəyişdirilməsi yolverilməzdir. Gərginlik və münaqişələr müstəsna olaraq dialoq və diplomatiya yolu ilə həll edilməlidir. Aİ qonşuları ilə yaxından işləməyə davam edəcək və Gürcüstan və Moldova Respublikasının suverenliyi və ərazi bütövlüyünə dəyişməz dəstəyini və sadiqliyini bir daha bəyan edir”. Aİ-nin bəyanatında belə deyilir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,