Aİ-Yaponiya Sammitində Rusiyanın Ukraynaya qarşı təcavüzü diqqət mərkəzində olub
May 13, 2022

Aİ-Yaponiya Sammitində Rusiyanın Ukraynaya qarşı təcavüzü diqqət mərkəzində olub


Bu gün Tokioda Aİ və Yaponiya arasında zirvə görüşü keçirilib. Görüşdən sonra Rusiyanın “Ukraynaya qarşı apardığı barbar müharibə, Çinlə narahatlıq yaradan müqavilə, eləcə də bu ölkələrin “yeni” və “beynəlxalq münasibətlərə dair olduqca özbaşına çağırışlarına” istinad edən Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bildirib ki, Rusiya “hazırda dünya nizamına birbaşa təhdiddir”. 

Yaponiyanın Baş naziri Fumio Kişidanın və Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin də qatıldığı sammitdə Rusiyanın Ukraynaya qarşı təcavüzü və onun nəticələri diqqət mərkəzində olub. Avropa İttifaqı kimi, Yaponiyanın da riskləri yaxşı dərk etdiyini deyən xanım Leyen təkcə Ukraynanın və Avropanın gələcəyinin deyil, qaydalara əsaslanan dünya nizamının gələcəyinin təhlükədə olduğunu bildirib. 

Zirvə görüşünün sonunda Aİ və Yaponiya birgə bəyanat qəbul edib. Sənəddə Rusiyanın “xeyli sayda insan tələfatı və dinc əhalinin iztirabları ilə nəticələnən təcavüzü” kəskin şəkildə pislənir və bildirilir ki, “Rusiya tərəfindən törədilən müharibə cinayətləri və vəhşiliklərə görə məsuliyyət daşıyanlar qanun qarşısında cavab verəcəklər”. Hər iki tərəf təcavüzün yaratdığı mənfi qlobal təsirləri yumşaltmaq, sanksiyalardan yayınmanın qarşısını almaq və Ukraynaya əlaqələndirilmiş siyasi, maliyyə, maddi və humanitar dəstəyi davam etdirmək üçün birgə çalışacaqlarını vəd ediblər. Onlar həmçinin Belarusdakı Lukaşenko rejiminin Rusiyanın Uraynaya qarşı təcavüzündəki rolunu pisləyiblər.

Şarl Mişel və Ursula von der Leyen bu ilin əvvəlində Aİ bazarlarına kifayət qədər və sərfəli mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünü təmin etdiyinə görə Yaponiya hökumətinə minnətdarlıqlarını bildiriblər. “Rusiyaya qarşı sanksiyalar fonunda biz qlobal enerji bazarlarının sabitliyini qorumaq üçün birlikdə çalışacağıq və tədarüklərin, xüsusən də LNG təchizatının təhlükəsizliyini təmin etmək üçün bir-birimizə kömək edəcəyik. Biz Avropanın Rusiyanın enerji təchizatından asılılığını azaltmaq və enerji mənbələrinin şaxələndirilməsini təmin etmək üçün əməkdaşlıq edəcəyik və buna nail olmaq üçün sərmayələrə ehtiyac olduğunu dərk edirik”. Sammitdən sonra qəbul olunan birgə bəyanatda belə deyilir.

Aİ və Yaponiya həmçinin humanitar yardım və fəlakət riskinin azaldılması, cavab tədbirləri və bərpa sahəsində əməkdaşlığı gücləndirəcəklərini bildiriblər. “Rusiyanın Ukraynaya qarşı təcavüzü göstərdi ki, daha dərin əməkdaşlıq lüks deyil, həyati zərurətdir”, – Şarl Mişel sammitdən sonra keçirilən mətbuat konfransında deyib.

Daha çox öyrən

Ursula von der Leyenin bəyanatı

Birgə bəyanat

Aİ-Yaponiya Sammitinin əsas nəticələri, 12 may 2022



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,