Aİ Ukraynaya humanitar yardımın həcmini artırır
Mart 1, 2022

Aİ Ukraynaya humanitar yardımın həcmini artırır


Ukraynada humanitar vəziyyət getdikcə pisləşdikcə və qonşu ölkələrin sığınacaq axtaran ukraynalıları qəbul etdiyi bir dövrdə Avropa Komissiyası bu ölkəyə yardım göstərmək üçün bütün istiqamətlərdə çalışır.

Avropa Komissiyası BMT-nin təcili yardımla bağlı müraciəti çərçivəsində Ukraynada müharibədən zərərçəkmiş mülki şəxslərə təcili yardım proqramları üçün əlavə 90 milyon avro ayırıb. Sözügedən maliyyə vəsaitləri Ukrayna və Moldovadakı ukraynalılara kömək məqsədilə sərf olunacaq. Aİ-nin bu yeni humanitar yardımı qaçqınlara qida, su, dərman vasitələri, sığınacaq təmin etmək və onların əsas ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub.

Komissiya həmçinin Aİ-yə üzv olan 20 dövlətin (Avstriya, Belçika, Xorvatiya, Danimarka, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İtaliya, İrlandiya, Latviya, Litva, Malta, Polşa, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya, İsveç və Niderland Krallığı) təklifləri əsasında Aİ-nin Mülki Müdafiə Mexanizmi vasitəsilə Ukraynaya maddi yardımın çatdırılmasını əlaqələndirir. Buraya 8 milyon əsas tibbi ləvazimat və mülki müdafiə sahəsində dəstək daxildir. Artıq Sloveniyadan ilk yük maşını Ukraynanın paytaxtı Kiyevə çatıb.

Moldova da bu ölkəyə üz tutan ukraynalılara dəstək məqsədilə sözügedən mexanizmə qoşulub. Avstriya, Fransa və Niderland artıq Moldovaya sığınacaq və tibbi yardım kimi təxirəsalınmaz yardımlarını təklif ediblər.

Böhranların İdarə Edilməsi üzrə Komissar Janez Lenarçiç: “Rusiyanın Ukraynaya qarşı qanunsuz hərbi təcavüzünün nəticəsini mülki əhali ödəyir. Müharibə milyonlarla ukraynalının didərgin düşməsinə, humanitar ehtiyaclarının kəskin artmasına səbəb ola bilər. Həm Ukrayna daxilində, həm də ukraynalıların təhlükəsizlik səbəbindən üz tutduğu qonşu ölkələrdə”.

Bu arada Avropa Daxili İşlər üzrə Komissar Ylva Yohansson bu gün Rumıniyadadır və Ukraynadakı müharibə səbəbindən ölkəsindən qaçan şəxslərin müdafiəsi ilə bağlı vəziyyəti və Komissiyanın yardımını və koordinasiyaya ehtiyacı qiymətləndirmək üçün sabah Slovakiyada olacaq. Bu gün səhər Komissar Yohansson Ukrayna və Rumıniya arasında Siret keçid məntəqəsindəki səyyar qaçqın düşərgəsinə baş çəkib. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Komissar Yohanssonun Rumıniya və Slovakiyaya səfəri



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,