Aİ Rusiya qazından asılılığı aradan qaldırmağa dair planlarını açıqlayıb 

Aİ Rusiya qazından asılılığı aradan qaldırmağa dair planlarını açıqlayıb 

Mart 9, 2022

Rusiyanın Ukraynaya təcavüzü fonunda Avropa Komissiyası 2030-cu ilə qədər ilkin olaraq Rusiya qazından və bu ölkədən idxal olunan digər karbohidrogen yanacaqlardan imtinaya dair planlarını açıqlayıb. 

Plana Avropada enerji qiymətlərinin artması ilə mübarizə tədbirləri və gələn qış üçün qaz tədarükünü artırmaq üçün bir sıra başqa tədbirlər daxildir. REPowerEU qaz tədarükünü diversifikasiya etməyə, bərpa olunan enerji mənbələrinin tətbiqini sürətləndirməyə və istilik və elektrik enerjisi istehsalında qazı əvəz etməyə yönəlib. Bu tədbirlər ilə ilin sonuna kimi Aİ-nin Rusiya qazına olan tələbatının üçdə iki hissəsinin azaldılması gözlənilir. 

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen bildirib: “Biz Rusiya nefti, kömür və qazından asılı olmamalıyıq. Bizi açıq şəkildə təhdid edən təchizatçıya etibar edə bilmərik. Biz enerji qiymətlərinin artmasının təsirini azaltmaq, gələn qış üçün qaz tədarükümüzü şaxələndirmək və təmiz enerjiyə keçidimizi sürətləndirmək üçün indi hərəkətə keçməliyik. Bərpa olunan enerji mənbələrinə və hidrogenə nə qədər tez keçsək, daha çox enerji səmərəliliyi ilə birlikdə bir o qədər tez müstəqil olacağıq və enerji sistemimizin sahibinə çevriləcəyik”.

“Avropa Yaşıl Təşəbbüs” üzrə İcraçı vitse-prezident Frans Timmermans əlavə edib: “Putinin Ukraynadakı müharibəsi bizim təmiz enerjiyə keçidimizi sürətləndirməyin aktuallığını nümayiş etdirir”.

REPowerEU – 2030-cu ilə qədər Avropanın Rusiya qazından asılılığının aradan qaldırılması

2030-cu ilə qədər Aİ-nin Rusiyadan idxal etdiyi karbohidrogen yanacaqlardan asılılığına mərhələli şəkildə son qoymaq olar. Bu məqsədlə Avropa Komissiyası iki mühüm komponentə əsaslanan və Aİ-nin enerji sisteminin dayanıqlığını artıracaq REPowerEU planının hazırlanmasını təklif edir:

Qeyri-Rusiya tədarükçülərindən Maye halına salınmış təbii qaz (LNG) və boru kəmərləri vasitəsilə və biometan və bərpa olunan hidrogen istehsalı və idxalını artırmaqla qaz tədarükünün şaxələndirilməsi;

Enerji səmərəliliyinin artırılması, bərpa olunan enerji mənbələri və elektrik enerjisindən istifadənin artırılması və infrastrukturla bağlı maneələrin aradan qaldırılması ilə evlərdə, binalarda, sənayedə və elektrik şəbəkəsində karbohidrogen yanacaq növlərindən istifadənin daha sürətli azaldılması.

REPowerEU planında nəzərdə tutulan tədbirlərin köməyi ilə Aİ tədricən 2021-ci ildə Rusiyadan idxal edilən karbohidrogen qazın həcminə bərabər azı 155 milyard kubmetr qazdan istifadəni tədricən dayandıra bilər. Bunun təxminən üçdə ikisi bir il ərzində əldə edilə bilər, bununla da Aİ-nin bir təchizatçıdan həddən artıq asılılığına son qoyulur.  

Ukraynanın işğalından sonra təmiz enerjiyə sürətli keçid məsələsi həddindən artıq aktuallıq qazanıb. Aİ qaz istehlakının 90%-ni idxal edir, Rusiya isə bu idxalın təxminən 45%-ni təmin edir. İttifaqa üzv ölkələrdə bu rəqəmlər fərqlidir. Həmçinin Aİ-nin neft idxalının təxminən 25%-I, kömür idxalının isə 45%-i Rusiyanın payına düşür.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Suallar və cavablar

Məlumat bülleteni – REPowerEU




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,