Aİ Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukraynada kütləvi informasiya vasitələrinə necə dəstək verir?

May 7, 2020

  • Avropa Demokratiyaya Yardım Fondunun əsas fəaliyyəti nədən ibarətdir?
  • EED kütləvi informasiya vasitələrinə necə kömək edir?
  • Maliyyə mənbələri hansıdır?
  • Hansı kütləvi informasiya vasitələri dəstək üçün müraciət edə bilər və qaydalar necədir?
  • Əsas seçim kriteriyaları hansılardır?
  • Seçim proseduru necə həyata keçirilir?
  • Maliyyə dəstəyi əldə edən kütləvi informasiya vasitələri var?
  • EED jurnalistlər üçün təlim, konfrans, seminarlar kimi media ilə bağlı başqa fəaliyyətlər təmin edir?
Kart %1/%2

Avropa Demokratiyaya Yardım Fondunun əsas fəaliyyəti nədən ibarətdir?

Avropa Demokratiyaya Yardım Fondu (EED) 2013-cü ildə Avropa İttifaqı və Aİ-yə üzv dövlətlər tərəfindən müstəqil Beynəlxalq Etimad Fondu qismində yaradılan və Avropa Qonşuluq (Şərq Tərəfdaşlığı – ŞT, Orta Şərq və Şimali Afrika – MENA), Qərbi Balkanlar və onun hüdudlarından kənarda demokratiyanın inkişafına dəstək verən, qrantlar ayıran müstəqil təşkilatdır.

 

EED plüralizmin və demokratik siyasi sistemin bərqərar olması istiqamətində çalışan vətəndaş cəmiyyəti təşkilatlarına, demokratiya yönümlü hərəkatlara, vətəndaş cəmiyyəti və siyasi fəallara, müstəqil media platformalarına və jurnalistlərə dəstək verir. Buraya həmçinin yeni yaradılmış və ya qeydiyyatdan keçməmiş təşkilatlar, qeyri-rəsmi platformalar, gənclər qrupları və fərdi şəxslər də daxildir. EED əsasən digər donorların və mövcud Aİ alətlərinin dəstək verə bilmədiyi qrupları əhatə edir. Təşkilatın dəstəyi, demokratik dəyərlərə sadiqlik, insan hüquqlarına hörmət və zorakılığın olmamasına dair prinsiplərə əməl olunma səviyyəsindən asılıdır.

EED kütləvi informasiya vasitələrinə necə kömək edir?

EED mediada plüralizmin və ictimaiyyətin müstəqil və alternativ məlumatlara çıxışının təmin olunması üçün mühüm əhəmiyyət kəsb edən yerli kütləvi informasiya vasitələrinin müstəqil və keyfiyyətli kommunikasiya kanalları qismində inkişafına, mövcudluğunu qoruyub saxlamağa və böyümələrinə kömək edir. Buraya yeni yaradılan startaplardan tutmuş, daha böyük, peşəkar kütləvi informasiya vasitələrinə qədər bütün növ kütləvi informasiya vasitələri daxildir və fərdi blogerlərdən rəqəmsal platformalara, satiraçılardan yenilikçi xəbər və informasiya vasitələrinə qədər dəyişə bilər.

Təşkilatın öz dəstəyini, müstəqil informasiya vasitələrini dəstəkləmək və inkişaf etdirmək, repressiv mühitdə çalışan jurnalistlərə və mediaya yardım etmək və ya yeni medianı dəstəkləmək məqsədi daşıyan geniş təşəbbüslərin qrant şəklində maliyyələşdirilməsi yolu ilə təmin edir.

Maliyyə dəstəyinin konkret həcmi yoxdur. Dəstək üzrə sorğuların həcmi 10 min və 150 min avro arasında dəyişir, lakin daha kiçik və daha böyük həcmdə də qrantlar təqdim olunmuşdur. EED-nin dəstəyi adətən orta hesabla 40-60 min avro arasında dəyişir.

Keçən il EED tərəfindən maliyyələşdirilən bütün təşəbbüslərin 32%-i Şərq Tərəfdaşlığı regionunun payına düşüb və EED-nin ümumi maliyyə dəstəyi paketinin üçdə bir hissəsi media sahəsini əhatə edib. EED-nin dəstəyi əsasən digər donorların əhatə etmədiyi sahələrdə olan boşluqların aradan qaldırılması məqsədi daşıyır.

EED həmçinin innovativ üsullar ilə yeni texnologiyalardan və sosial şəbəkələrdən istifadə edən yeri yaranan kütləvi informasiya vasitələrinə dəstək verir. Eyni zamanda bu təşkilat podkastlar kimi onlayn məhsullar vasitəsilə istehsal etdiyi məhsullarının həcmini şaxələndirməyə çalışan daha nüfuzlu informasiya vasitələrinə də kömək etmişdir. EED mövcudluğunu qoruyub saxlamağa çalışan kütləvi informasiya vasitələrinə əsas maliyyə, eləcə də daha dərin jurnalist araşdırmalarını davam etdirmək üçün resurslar təmin edir. Jurnalistlərə hüquqi yardım təmin edən və ifadə azadlığını təbliğ edən təşkilatlara da dəstək verilmişdir.

Hal-hazırda maliyyələşdirilən layihələr bunlardır: Ukraynanın Poltava şəhərində xalq kütləsinə aid bir qrup bitərəf gənc tərəfindən yaradılan ZMIST adlı onlayn media portalı, qarşıdan gələn parlament və bələdiyyə seçkiləri zamanı davamlı fəaliyyət göstərmək üçün EED-dən qrant alan Moldovanın müstəqil ProTV kanalı və Ermənistanda hərbi qurumlar daxilində baş verən insan hüquqları pozuntularını araşdıran məqalələr hazırlayan İnsan hüquqları üzrə jurnalistlər birliyi (QHT).

EED-nin internet səhifəsində media sahəsi üzrə verilmiş daha çox qrant nümunələri mövcuddur. Səhifədə həmçinin qrant alan və fəaliyyətləri barədə məlumat verən fərdi şəxslərlə də tanış ola bilərsiniz.

2016-cı ildə təsis olunduğu gündən etibarən EED tərəfindən dəstəklənən layihə olaraq Yaradıcı məzmuna dəstək fondu bölgədə müstəqil rusdilli medianın səylərini gücləndirərək, Şərq Tərəfdaşlığı ölkələrində və onların sərhədlərindən kənarda medianın etibarını və müvazinətini artırmağa kömək edir. Bu günə qədər adı çəkilən fond tərəfindən 20-dən artıq media platforması üçün 6,4 milyon avro dəyərində 100-dən artıq qrant ayrılıb. 2019-cu ildə fondun inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur. Belə ki, bu fond Belçikada qeyri-kommersiya fondu kimi qeydiyyatdan keçmişdir. EED sözügedən fondun fəaliyyətlərində iştirak etməyə davam edir. Təşkilat həmçinin fondun İdarə heyətinin üzvüdür. Fondun ayırdığı qrantlar, müraciət forması və dəstəklənən layihələr haqqında daha ətraflı məlumat almaq üçün internet səhifəsinə baş çəkin.

Maliyyə mənbələri hansıdır?

İdarəetmə Şurasının və Avropa Komissiyasının üzvü olan iyirmi üç Avropa ölkəsi EED büdcəsinə öz töhfəsini verir. Kanada isə Ukrayna üçün xüsusi qrant vasitəsilə maliyyə töhfəsini təmin edir.

Hansı kütləvi informasiya vasitələri dəstək üçün müraciət edə bilər və qaydalar necədir?

EED, blogerlər, rəqəmsal platformalar, televiziya və radio stansiyaları və digər müstəqil xəbər və informasiya vasitələri daxil olmaqla, bütün müvafiq yerli kütləvi informasiya vasitələrini maliyyələşdirir.

EED fərdləri və qeydiyyata alınmamış qrupları, eləcə də qərarlaşmış kütləvi informasiya vasitələrini dəstəkləyə və onların işləri ilə əlaqədar xərcləri (əmək haqları, ofis və rabitə xərcləri) qarşılaya bilər.

Dəstək üçün müraciət proseduru çox sadədir. EED-nin internet səhifəsinə daxil olun “Dəstək üçün müraciət (Apply for Support)” bölməsinə keçin. Beləcə müraciət forması və təlimatların olduğu təhlükəsiz ərizə portalına yönləndiriləcəksiniz.

EED dəstək ilə bağlı sorğuları müntəzəm qaydada nəzərdən keçirir. Buna görə də ərizəçilər istənilən vaxt təkliflərini təqdim edə bilərlər. Müraciət üzrə hər hansı elan və son müraciət tarixi yoxdur. 

Təhlükəsizliyi xüsusilə risk altında olan ərizəçilər ərizələrini şifrələmək və birbaşa [email protected] ünvanına göndərmək üçün ayrıca təhlükəsiz sistemdən istifadə edə bilərlər. 

Əsas seçim kriteriyaları hansılardır?

EED, inzibati, hüquqi, sosial və siyasi baryerlərin vətəndaş cəmiyyəti və KİV-lərin inkişafına maneə yaratdığı hallara xüsusi diqqət yetirir. EED öz fəaliyyəti çərçivəsində əhəmiyyətli siyasi və əməliyyat risklərini öz üzərinə götürür.

Fondun digər donorlardan əsas fərqli cəhəti, digərlərinin bacarmadığı çətin vəziyyətlərdə işləyəmək qabiliyyətindədir. Bu fond adətən demokratiyanın inkişafına çalışan kiçik və yeni fəaliyyətə başlayan qruplarla çalışır. EED onların daha böyük maliyyələşdirmə proqramlarına müraciət etmələri üçün bacarıqlarını artırmağa kömək edir.

EED çox vaxt innovativ ideyaları tətbiq etməyə çalışan, müəyyən hədəf audiyoriyalarını əhatə edən və mediada plüralizmin inkişafına töhfə verməyə çalışan müstəqil kütləvi informasiya vasitələrini dəstəkləyir. Məzmundan asılı olaraq fəaliyyətlərinə davam etmək üçün mübarizə aparan və olduqca çətin şəraitdə çalışan peşəkar müstəqil kütləvi informasiya vasitələri fondun dəstəyindən yararlana bilər.

EED yeni kanal və ya məhsullar işə salmaq üçün resurslar axtaran, inkişaf və ya mövcudluğunu qoruyub saxlamaq üçün dəstəyə ehtiyacı olan və donor maliyyələşdirilməsinin digər formalarına çıxış imkanı olmayan müstəqil kütləvi informasiya vasitələrindən ərizələr qəbul edir.

Seçim proseduru necə həyata keçirilir?

Media təşkilatları və ya fərdi şəxslər birbaşa EED-nin internet səhifəsi www.democracyendowment.eu vasitəsilə müraciət edə bilərlər. Maliyyələşmə dövrü yoxdur və maliyyə dəstəyinin əldə olunması ilə bağlı ərizələr istənilən vaxt qəbul olunur və nəzərdən keçirilir.

Ərizənizin qəbul edildiyini təsdiqləyən avtomatik elektron məktub alacaqsınız. EED-nin proqram menecerləri namizədlərin seçim prosesi çərçivəsində daha çox məlumat üçün media qurumları ilə əlaqə yaradacaqlar. EED ərizəçilərə yekun cavabını 12 həftə ərzində verməyə çalışır.

Maliyyələşdirmə ilə bağlı qərarlar EED-nin İcraiyyə Komitəsi tərəfindən təşkilati mandata uyğun olaraq EED katibliyi tərəfindən verilən qiymətləndirmədən sonra müntəzəm qaydada keçirilən iclaslarda qəbul edilir. EED mümkün olduğu qədər vəsait bölgüsü zamanı cənub və şərq qonşuluq regionları arasında coğrafi tarazlığı qorumağa çalışır.

EED istisna hallarda məhdud sayda ərizələrə təcili qaydada baxa bilər. Təcili maliyyə dəstəyi ilə bağlı müraciət edərkən səhifənin aşağı hissəsində yerləşən xanaya işarə qoymalı və sorğunun nə üçün təcili olması və təcili şəkildə maliyyə almadığınız təqdirdə mümkün fəsadlar barədə qısa izahat verməlisiniz.

Maliyyə dəstəyi əldə edən kütləvi informasiya vasitələri var?

Kütləvi informasiya vasitələrinin maliyyələşdirilməsi EED tərəfindən dəstəklənən bütün təşəbbüslərin üçdə birini təşkil edir. Maliyyə vəsaiti əldə etmiş KİV-lər haqqında daha ətraflı məlumatı EED-nin internet səhifəsindən tapmaq olar.

Daha ətraflı məlumat və EED-nin kütləvi informasiya vasitələrinə dəstəyi ilə bağlı nümunələr üçün EED-nin müstəqil media sahəsində gördüyü işlərə dair DEMOKRATİYA ÜÇÜN MEDİAYA DƏSTƏK adlı hesabatını oxuyun.

 

EED jurnalistlər üçün təlim, konfrans, seminarlar kimi media ilə bağlı başqa fəaliyyətlər təmin edir?

EED-dən qrant alan təşkilatların çoxu media sahəsi üzrə təlim, konfrans və seminarlar təşkil edirlər və bu cür fəaliyyətlər üçün EED-dən qrant almaq üçün müraciət edirlər. EED özü birbaşa bu cür texniki yardım təmin etmir.

Yerləşdir
The recommended iFrame size is 100% width and 750px height

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,