2020-ci ildən sonra Aİ Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə əməkdaşlığını hansı istiqamətdə quracaq?

Aprel 9, 2020

  • Niyə Aİ Şərq Tərəfdaşlığı ilə bağlı yeni siyasət hazırlayıb?
  • Yeni siyasət əvvəlkindən nə ilə fərqlənir?
  • Konkret olaraq hansı işlərin görülməsi nəzərdə tutulub və hansı nəticələr gözlənilir?
  • Aİ ümumi problemlərin birgə həll olunmasını vəd edir. Koronavirus problemi necə?
  • Yeni siyasətin icrasına nə vaxt başlanılacaq və Aİ bunun üçün nə qədər maliyyə vəsaiti ayırır?
  • Şərq Tərəfdaşlığı üzrə siyasət ilə bağlı hansı nəticələr əldə olunmuşdur?
Kart %1/%2

Niyə Aİ Şərq Tərəfdaşlığı ilə bağlı yeni siyasət hazırlayıb?

Şərq Tərəfdaşlığının hal-hazırda fəaliyyətdə olan “2020-ci ilə kimi 20 praktiki nəticə” adlı proqramı sona çatmaq üzrədir. Bu səbəbdən də qısa müddət ərzində əməkdaşlığın yeni prinsipləri işlənib hazırlanmalıdır.

 

Keçən ilin iyun ayından etibarən Avropa Komissiyası uzunmüddətli siyasət məqsədlərinin formalaşdırılması məqsədilə vətəndaş cəmiyyəti, hökumət, biznes və media nümayəndələrinin iştirakı ilə ictimai məsləhətləşmələr keçirmişdir. Həmin məsləhətləşmələr nəticəsində Şərq Tərəfdaşlığı üzrə yeni siyasətin layihəsi hazırlanmışdır.

Yeni siyasət vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması və tərəfdaş ölkələrin dayanıqlı inkişafına yönəlmişdir. O həmçinin dünyada Avropa İttifaqının mövqeyini möhkəmləndirmək məqsədi daşıyır.

Şərq Tərəfdaşlığı və onun məqsədləri barədə vərəqələrdə oxuya bilərsiniz.

Yeni siyasət əvvəlkindən nə ilə fərqlənir?

Ümumiyyətlə, Aİ və tərəfdaş ölkələr son 10 ildə görülən birgə işlərin nəticəsindən razıdırlar. Yeni siyasətdə, tərəfdaşlığın qarşıda duran vəzifələrin öhdəsindən daha yaxşı gəlməsinə və görüləcək işlərin sadə vətəndaşlara istiqamətləndirilməsinə kömək edəcək beş əsas istiqamət seçilmişdir.

  • Dayanıqlı iqtisadiyyat;
  • Qanunun aliliyi və təhlükəsizliyin təmin edilməsi;
  • Ətraf mühitin və iqlimin qorunması;
  • Rəqəmsal transformasiya;
  • İnklüziv cəmiyyət.

Ətraf mühit və rəqəmsallaşdırma yeni siyasətin prioritet sahələrini təşkil edir. Sənəddə həmçinin gender bərabərliyi, xüsusən gənclər üçün yeni iş yerlərinin və iqtisadi imkanların yaradılması nəzərdə tutulub.

 

Konkret olaraq hansı işlərin görülməsi nəzərdə tutulub və hansı nəticələr gözlənilir?

Siyasətin əsas istiqamətlərindən biri dayanıqlığın artırılmasıdır. Buraya uzunmüddətli təsirlərin əldə olunmasına və həmin ölkələrin sabit inkişafına və təhlükəsizliyinə imkan verən iqtisadiyyatın müasirləşdirilməsi, demokratiyanın və vətəndaş cəmiyyətinin inkişafına dair islahatlara dəstək daxildir.

İqtisadiyyat sektoruna gəlincə, Aİ iqtisadi inteqrasiyanı dərinləşdirməyi, eləcə də son on ildə təxminən iki dəfə artan ticarətin həcmini artırmağı təklif edir. Aİ bundan sonra da Ukrayna, Gürcüstan və Moldova ilə imzalanan Azad ticarət zonası haqqında sazişin (DHATZ) icrasını dəstəkləyəcək və müəyyən sahələr üzrə sazişlər vasitəsilə DHATZ-a qoşulmayan ölkələrlə əməkdaşlığı genişləndirəcəkdir.  

Dairəvi, “yaşıl” iqtisadiyyatın inkişafı və iqlim dəyişikliyinə qarşı mübarizə müştərək işin əsas istiqamətlərindən biridir. Aİ tərəfdaş ölkələrə istehsal sahələrini müasirləşdirməyə, atmosferə atılan karbon qazının miqdarını azaltmağa və Paris Sazişi ilə əlaqədar öhdəlikləri yerinə yetirməyə kömək edəcək.

Aİ tərəfdaş ölkələrin rəqəmsal transformasiya istiqamətində gördüyü işlərə və onların Aİ-nin Vahid rəqəmsal bazarına inteqrasiyasına sərmayələr yatıracaq. Bu sahədə ən çox gözlənilən nəticələrdən biri rouminq tariflərinin azaldılması, genişzolaqlı rabitə infrastrukturunun və internetə və əlverişli elektron idarəetmə sistemlərinə çıxış imkanının genişləndirilməsidir.

Demokratiya, qanunun aliliyi və insan hüquqları bazar iqtisadiyyatının lazımi qaydada fəaliyyəti, sərmayələrin cəlb olunması və dayanıqlı inkişaf üçün ən mühüm şərtlərdən hesab olunur.

Aİ və tərəfdaş ölkələrin hökumətləri korrupsiya ilə mübarizə, ədalət mühakiməsi orqanlarının müstəqilliyinin və qərəzsizliyinin təmin olunması, o cümlədən dövlət idarəçiliyin təkmilləşdirilməsi istiqamətində əməkdaşlığı davam etdirəcək. Aİ vətəndaş cəmiyyətinə və müstəqil kütləvi informasiya vasitələrinə dəstək verəcək və qanunun aliliyi sahəsində islahatların gedişatına nəzarət edəcək. İslahatların həyata keçirilməsində ciddi ləngimələr və ya durğunluq Aİ-nin maliyyə dəstəyinin azalması ilə nəticələnəcəkdir.

Aİ, Avropa dəyərlərinə qarşı yönəlmiş dezinformasiya ilə mübarizə üzrə strategiya hazırlamışdır. Aİ və tərəfdaş ölkələr arasında əməkdaşlıq, gənclərlə iş və hibrid təhdidlərə qarşı maarifləndirmə proqramlarının icrasında əldə olunan müsbət nəticələr ilə bağlı ictimaiyyətlə əlaqələr artırılacaq.

Aİ ümumi problemlərin birgə həll olunmasını vəd edir. Koronavirus problemi necə?

Aİ səhiyyə sahəsində, xüsusən tibb müəssisələrinin müasirləşdirilməsi, elektron səhiyyənin inkişafı, tibb işçilərinin hazırlanması, əlverişli tibbi xidmətin göstərilməsi kimi sahələrdə tərəfdaş ölkələrə dəstək verməyi planlaşdırır. Bununla koronavirus xəstəliyi (COVID-19) daxil olmaqla, yoluxucu və yoluxucu olmayan xəstəliklərlə daha səmərəli mübarizə aparmaq mümkün olacaq.

Aİ həmçinin böhranın sosial-iqtisadi fəsadlarının azaldılması istiqamətində çalışır.

Yeni siyasətin icrasına nə vaxt başlanılacaq və Aİ bunun üçün nə qədər maliyyə vəsaiti ayırır?

Yeni siyasətin dövlət və hökumət başçılarının iştirakı ilə keçiriləcək Şərq Tərəfdaşlığı Sammitində qəbul olunacağı gözlənilir. Əsas maraqlı tərəflərlə növbəti müzakirələrdən sonra, bu ilin ikinci yarısında Komissiya və Avropa Xarici Fəaliyyət Xidməti tərəfindən əməkdaşlığa dair gözlənilən real nəticələrdən ibarət siyahı təklif olunacaq.

Aİ tərəfindən Çoxillik maliyyə proqramı təsdiq olunduqdan sonra yatırılacaq sərmayələrin miqdarı məlum olacaq.

Şərq Tərəfdaşlığı üzrə siyasət ilə bağlı hansı nəticələr əldə olunmuşdur?

Son 10 ildə Şərq Tərəfdaşlığı ümumi dəyərlər, qarşılıqlı maraqlar və öhdəliklər, eləcə də müştərək məsuliyyətə əsaslanaraq inkişaf etmişdir. Bu strateji tərəfdaşlıq assosiasiya və azad ticarət zonası haqqında sazişlər, hərtərəfli və genişləndirilmiş əməkdaşlıq sazişləri, viza rejiminin sadələşdirilməsi və readmissiya sazişləri və s. kimi vacib sazişlər sayəsində möhkəmlənmişdir. 2019-cu ildə keçirilən məsləhətləşmələr göstərdi ki, Şərq Tərəfdaşlığı Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna vətəndaşlarına müsbət nəticələr təmin etmişdir. “2020-ci ilə kimi 20 praktiki nəticə” çərçivəsində iqtisadiyyatın, cəmiyyətin və Aİ və altı ölkə arasında əlaqələrin gücləndirilməsində əldə olunan nəticələr müsbət irəliləyişlərin bariz nümunəsidir.

Son onillikdə Aİ və tərəfdaş ölkələr arasındakı ticarət dövriyyəsi təxminən iki dəfə artmışdır. Aİ, Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın ilk ticarət tərəfdaşı, Ermənistan və Belarusun isə ikinci ən böyük ticarət tərəfdaşıdır. Altı ölkədə fəaliyyət göstərən 125 mindən artıq kiçik və orta ölçülü müəssisə Aİ-nin maliyyə dəstəyindən yararlanaraq 250 min insanı işlə təmin etmişdir. Təkcə 2018-ci ildə qadınlar tərəfindən idarə olunan 7250 şirkətə biznesin inkişafı məqsədilə 60 milyon avrodan artıq maliyyə vəsaiti ayrılmışdır.

2030-cu ilə qədər 4800 km avtomobil yolu və dəmiryolu xəttinin tikilməsini və bərpasını nəzərdə tutan Trans-Avropa Nəqliyyat Şəbəkəsinin (TEN-T) genişləndirilməsi məqsədilə 20 milyon avro həcmində maliyyə vəsaiti ayrılmışdır.

Bələdiyyələrə aid yeni avtobus parkları, enerjiyə qənaətcil yaşayış binaları və mərkəzi istilik sisteminin islahatı. Bunlar enerjinin səmərəliliyi və ekologiya üzrə E5P fondunun ayırdığı 150 milyon avrodan artıq investisiya qrantları sayəsində əldə olunan nəticələrdir. Həmin layihələr hesabına 8 milyon insanın həyat şəraitini yaxşılaşdırmaq mümkün olmuşdur.

Şərq Tərəfdaşlığı gənclərə və tədqiqatçı alimlərə də fayda verir: EU4Youth çərçivəsində 23 min gəncin layihəsinə qrant ayrılmışdır və onların məşğulluğu təmin olunmuşdur. Altı ölkədən olan 915 tədqiqatçı isə elmi işini həyata keçirmək üçün “Marie Skłodowska-Curie” proqramından faydalanmışdır.

2016-cı ildən etibarən 32 min tələbə və müəllim heyəti Erasmus+ çərçivəsində mübadilə proqramlarında iştirak edib, 46 min gənc isə könüllülük fəaliyyəti daxil olmaqla, digər mübadilələrdə iştirak etmişdir.

İdarəçiliyin keyfiyyətinin yaxşılaşdırılması sahəsində bəzi nailiyyətlər əldə olunub, lakin korrupsiya ilə mübarizə, qanunun aliliyinin təmin olunması, müstəqil kütləvi informasiya vasitələrinin və vətəndaş cəmiyyətinin gücləndirilməsi sahəsində çox işlər görülməlidir.

Yerləşdir
The recommended iFrame size is 100% width and 750px height

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,